Qəzalar piyadaları da yola düzəlməyə peşman etdi. Ərlə arvad həyatını itirdi, azyaşlı və kişi isə xəstəxanalıq oldular.
Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsindəki körpünün üzərində Ağcabədi rayon sakini Əhəd Məmmədovun idarə etdiyi "İnfiniti" yolu keçmək istəyən ərlə arvadı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri, 56 yaşlı İmran Əlipaşa oğlu Ağayev və onun həyat yoldaşı 51 yaşlı Rəqiyyə Əziz qızı Əliyeva hadisə yerində keçinib. Sürücü saxlanılıb. Mingəçevir şəhəri Vidadi küçəsində 6 yaşlı Maqsud Elşən oğlu İbrahimovu yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil vurub. Hadisəni törədən 37 yaşlı sürücü yaralı uşağı xəstəxanaya çatdırıb. Dərhal əməliyyat olunan uşağın zədələnmiş dalağı çıxarılıb. Xəstəxanadan yaralının vəziyyətinin kafi olduğu bildirilib. Gəncə şəhərində də piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı avtomobil 55 yaşlı Nurməmməd Qasımovu vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 499