130 illik tarixə malik Gəncə Rus Pravoslav kilsəsi təmirdən sonra möminlərin istifadəsinə verilib. Bu münasibətlə məbəddə təntənəli mərasim təşkil olunub. Mərasimdə Gəncədə yaşayan pravoslavlarla yanaşı, Bakı və Azərbaycanın baş yepiskopu Aleksandr İşein, habelə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.
Aleksandır Nevski adına Rus Pravoslav kilsəsinin 130 illiyinə həsr olunan təntənəli mərasim dini ayinlərin icrası ilə başlayıb. Belə ki, pravoslavlar kilsənin ətrafına dövrə vurduqdan sonra məbədə daxil olublar. Günorta saatlarınadək kilsədən dua və dini nəğmələrin sədaları yüksəlib.
1887-ci ildə Bizans memarlıq üslubunda tikilən məbəd azərbaycanlı mesenant Hacı Zeynəlabdin Tağıyevin vəsaiti hesabına ərsəyə gəlib. Tarixi mənbələr göstərir ki, kilsənin inşasında istifadə olunan kərpiclər qədim Gəncə qalasından sökülüb. 130 illik tarixə malik məbəd bolşevik inqilabına qədər Baş kilsə statusuna malik olub.
XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyyəti tərəfindən bağlanılıb və bina başqa məqsədlər üçün istifadə olunub. 1946-cı ilədək. Həmin tarixdə məbəd Rus- Pravoslav kilsəsinə qaytarılıb. Günü bu gün də ibadət ocağında dini ayinlər icra olunur.
Özünəməxsus interyerə malik kilsənin daxilində təmir işləri həyata keçirilib. Bu münasibətlə kilsədə xüsusi ayın də icra olunub. Təşkil olunan mərasimdə həmçinin Qədim Rus dövləti – Kiyev Knyazlığı dövründə məşhur sərkərdə olan Aleksandr Nevskinin xatirəsi də anılıb.
Mərasimdə çıxış edənlər Qədim Rusiyanın tarixinə nəzər salmaqla yanaşı, Azərbaycan və Rusiya arasında olan dostluq əlaqələrindən də söz açıblar.
Təntənəli mərasim bayram süfrəsi ətrafında davam edib.
Gülnar Fazilqızı
- Baxış: 1534