Sentyabrın 3-cü ongünlüyündə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi üçün Göygöl Olimpiya İdman Kompleksi tam hazırdır.
İdman qurğusunda yarışöncəsi bütün işlər demək olar ki, yekunlaşıb. Qitə çempionatı Göygöl Olimpiya İdman Kompleksinin qəbul edəcəyi ən mötəbər yarış olacaq. 2014-cü ildə istifadəyə verilən infrastrukturun zalında yenidənqurma işləri aparılıb. Tribunalarda oturacaqların sayı artırılaraq Avropa Voleybol Konfederasiyasının tələblərinə uyğunlaşdırılıb. 800 yerlik zal artıq 2100 tamaşaçı tutumuna malikdir.
Sahib Rzayev - Göygöl Olimpiya İdman Kompleksinin direktoru: “Avropa Voleybol Konfederasiyasının özünün tələbləri var. O tələblərdən birincisi zalda tamaşaçı tutumu 1500-2000-dən artıq ikitərəfli baxış tribunalarının olmasıdır. İkinci tələb isə voleybolçular zala daxil olduqda azarkeşlərlə təmasda olmamalıdır. Bundan başqa mətbuat nümayəndələrinə də şərait yaradılmalıdır ki, yarışlar yüksək səviyyədə dünyaya çatdırılsın”.
Qarşılaşmaların oynanılacağı zalda yeni işıqlandırma sistemi və yarışa aid məlumatları əks etdirən banerlər də quraşdırılıb.
Sahib Rzayev - Göygöl Olimpiya İdman Kompleksinin direktoru: “İşıqlanma 1500 lyüks olmalıdır. Bununla əlaqədar projektorlarda dəyişikliklər aparılıb. Yeni quraşdırılan qurğuların qüvvəsinə uyğun elektrik yarımstansiyasında bəzi işlər görülüb. Kompleksdə yeni banerlər quraşdırıldı. Yarışın loqosu, voleybol haqqında şəkillər zaldan asıldı. Yəni, artıq Göygöl Olimpiya İdman Kompleksi yarışın keçirilməsinə hazırdır. Cüzi texniki işlər qalıb. Bunları da oyunlar başlayanadək həll edəcəyik”.
Göygöl Olimpiya İdman Kompleksində voleybol üzrə Avropa çempionatının D qrupunun görüşləri keçiriləcək. Sentyabrın 22-dən 24-dək 6 oyun baş tutacaq. Bu qrupda Niderland, Belçika, Serbiya və Çexiya yığmaları növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Orxan Cəfərzadə
- Baxış: 1350