• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 31.08.2017 17:22

“Şəmkir” fəaliyyətini dayandırdı

KepezTV Player

Futbol üzrə Azərbaycan birinci divizionunda qərb zonası qarşıdakı mövsümdə yalnız iki komanda ilə təmsil olunacaq. Buna səbəb “Şəmkir”in fəaliyyətini dayandırmasıdır.

Ölkəmizdə süquta uğrayan digər klublar kimi “Şəmkir”in də futbol xəritəsindən silinməsinin səbəbi maliyyədir. Prezident Elvin Səfərovun komandanı yarıyolda buraxması “qırmızı-ağlar”ı yenidən tarixin yaddaşına köçürüb. Rayon rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq “Şəmkir” qarşıdakı mövsümdə aşağı liqada təmsil olunmayacaq.

Emin İsmayılov Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi : “Son dövrlərdə klubun üzləşdiyi çətinliklərlə bağlı biz məsləhətləşmələr aparıb qərara gəldik ki, komandanın fəaliyyətini qismən də olsa, dayandıraq. “Şəmkir” bu mövsüm çempionatda çıxış etməsin. Qarşıdakı illərdə klubla bağlı böyük hədəflərimiz var”.

İstər ötən mövsüm, istərsə də ondan əvvəlki illərdə “Şəmkir” AFFA-nın maliyyə köməkliyi yaşayıb. Elə 2010-cu ildə də klub məhz bu qurumun maddi dəstəyi ilə fəaliyyətini bərpa etmişdi.

Emin İsmayılov Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi : “İdarə olaraq tərəfimizdən də, AFFA-ya müraciət olundu. Lakin müəyyən məsələlər var ki, AFFA bu il əvvəllər göstərdiyi tam dəstəyi verə bilmədi. Bununla bağlı olaraq da çətinliklər yarandı”.   

“Şəmkir” ölkəmizin titullu klubları sırasında yer almaqla ikiqat ölkə çempionu olub. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan komandası kimi tarix yazıb.

Azad Rəfi