Müəyyən qəlibə salınmış düşüncələrimiz var ki, onlar sanki mental dəyərlər kimi nəsildən nəsilə ötürülür. Və o qədər ifrata varır ki, məsələnin kökündə bəşər övladının qətli dayansa belə, adiləşir. Məsələn söz, sözdən yaranan birləşmələr söz götürmək, yaxud götürməmək kimi. Həmin o söz hərdən kino kimi həm qəliz olur, həm də vacib. Vacib olsun onda kəsəri olur, amma qəlizləşməsin çün bu dəmdə o kəsərdən düşür, kəsici alət isə işə. Növbəti sujetə keçidimin də söz və kino kimi qəlizləşməsinin nədəni var. Sadalananlar bəzən ailənin tək övladını həyatdan edir, bəzən növcavanı növbaharından edir, bəzən də həyatı tarimar edir.
Göyçay rayonunda qətl hadisəsi baş verib. Şəhər sakini, 25 yaşlı Pərviz Əbdulrəhmanov dava zamanı həmyerlisi, həm də bacanağı 28 yaşlı Müşfiq Əkbərovu bıçaqlayıb. Döş qəfəsindən və qarın boşluğundan ağır xəsarətlər alan Müşfiq Əkbərov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. Məlumata görə, Müşfiq Əkbərov Pərvizin baldızı ilə nişanlı olub. Hadisə baş verən gün Müşfiq qaynatasının evində dava salan Pərvizi sakitləşdirmək istəyərkən onun hücumuna məruz qalıb.
Daha bir qanli olay Şamaxıda baş verib. Şəhriyar qəsəbə sakini 35 yaşlı Anar Qarayev aralarında baş verən dava zamanı qonşusu, 39 yaşlı Laçın Xeyrullayevi bıçaqlayıb. Laçın Xeyrullayev döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Vəziyyəti ağır qiymətləndirilir. Anar Qarayev şübhəli şəxs qismində saxlanılıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
Gəncədə isə triller janrında çəkilmiş filmlərə bənzər hadisə baş verib. Gəncə sakini Sərdar Məmmədov Məhsəti qəsəbəsində qohumu Azər Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb. Yaralı qanı axa-axa Honda markalı avtomobilinin sükanı arxasına keçərək sürməyə başlayıb. Amma uzağa gedə bilməyib. Yeni Gəncə qəsəbəsində avtomobil yol ayrıcındakı dairəyə çırpılıb. Qəza zamanı bıçaq yarası alan sürücü və maşında olan baçısı Mehriban Məmmədova xəsarət alıblar. Yaralılar Gəncə şəhər Təcili tibbi Yardım Xəstəxanasına aparılıb. Bildirilir ki, evdə baş verən münaqişə zamanı həmçinin Azər Ələsgərov və digər bir qohum Ramin Rəhimov da yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi aydınlaşdırlır.
Xaliq Qurbanlı
- Baxış: 650