Şirvanda iki dost arasında yaşanan mübahisə sonda birinin ölümü ilə nəticələnib. 33 yaşlı Yaşar Məmmədovla həmyerlisi 36 yaşlı Əvəz Əliyev arasında anlaşılmazlıq olub. Dostlar məsələyə aydınlıq gətirmək məqsədilə Kür sahilinə, heç kimin olmadığı sakit əraziyə çəkiliblər, lakin problemi sakit şəkildə həll edə bilməyiblər. Söz qovğası bıçaq davasına çevrilib, Yaşar Məmmədov üzərində gəzdirdiyi soyuq silahla Əvəz Əliyevə xəsarət yetirib. Vurduğu zərbədənmi, yoxsa sonrakı peşmanlıqdanmı, vicdanı oyanıb və dostunu Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırıb, özü isə birbaş polis idarəsinə gedib. Dostun vurduğu zərbə həkimlərin səyindən daha güclü olub, Əvəz Əliyev xəstəxanada dünyasını dəyişib.Hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən şəxsin qardaşı Anar Məmmədovu da saxlayıblar. Hadisə yerinə baxış zamanı oradan 1 ədəd “Makarov” tipli tapança götürülüb. Dostları bir-birinə borc pulun düşmən etdiyi deyilir. Faktla bağlı Şirvan Şəhər Porkurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 948