Gəncədə bir məktəb var, orda bir sinif var və bu sinif özü ilk olduğu kimi, bir ilkə də imza atıb. İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü məktəb-liseyin xüsusi istedadlar sinfi DİM-in təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərib. Belə ki, bu sinifdə təhsil alan 17 şagirdin hamısı tələbə adını qazanıb.
Xüsusi istedadlar sinfinin məzunlarından 9-u orta məktəbi fərqlənmə attestatı ilə bitirib. DİM-in təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında bu sinfi bitirənlərdən 7-si 600-dən, 6-sı 500-dən, 1-i 400-dən, 2-si 300-dən yuxarı bal toplayıb. Bir şagirdin balı isə 299 olub.
Sinfin ən yüksək nəticə göstərən şagirdi Elvin İbrahimlidir. 676 bal toplayan Elvin Gəncə şəhər Təhsil İdarəsinin qızıl medalına layiq görülüb. Elvinin seçimi Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsi olub. Digər məzunlardan 13-ü Bakının, 3 isə Gəncənin ali məktəblərində oxumaq istəyiblər. Şagirdlərinin yüksək nəticə göstərməsi, təbii olaraq sinifin rəhbərini də sevindirir.
Gəncədə xüsusi istedadlar sinfi Prezident İlham Əliyevin 2006-cı ildə imzaldığı “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində 2010-cu ildə təhsil nazirinin əmri ilə yaradılıb. Əldə olunan nəticələr, layihənin özünü doğrultduğunu deməyə əsas verir.
Bu il DİM-in təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında Gəncə üzrə bir nəfər – Abdulla Əsgərzadə 700 bal toplayıb. O, Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksinin şagirdidir.
Gülnar Fazilqızı
- Baxış: 3592