Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə elektron kadastr uçotu informasiya sisteminin yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi 2020-ci ilədək tam təmin olunacaq. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Daşkəsəndə keçirilən müşavirədə vurğulanıb ki, bu istiqamətdə 29 rayonda müvafiq tədbirlər həyata keçirilir. 11 rayonda görülən işlər artıq başa çatıb, 14-də isə yekunlaşmaq üzrədir. Bələdiyyə sədrləri, torpaq mülkiyyətçiləri və istifadəçilərin iştirak etdiyi müşavirədə ölkədə torpaq ehtiyatlarının idarə olunması, onlardan daha səmərəli istifadə edilməsi barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, elektron kadastr uçotu informasiya sisteminin yaradılması torpaq balansının tərtib edilməsi, mülkiyyətçilərə subsidiyaların verilməsi, habelə torpaq bazarının təşkili, bir sözlə torpaq üzərində bütün münasibətlərin tənzimlənməsini hədəfləyir.
- Baxış: 675