Toydan qayıdan qonşular evlərinə yox, xəstəxanaya getməli oldular. Elə dincəlməyə üz tutanlar da eyni aqibəti yaşadılar. Söz davası dörd nəfərin sağlamlığı bahasına başa gəldi. Şərabın şirə çevirdiyi şəxslər isə qanun qarşısında cavab verməli olacaqlar.
Lənkəranın dağ kəndi Sinovluda gecə saatlarında həmkəndlilər arasında dava düşüb. Mübahisə onlar toy mərasimindən qayıdarkən yaranıb və daha sonra davaya çevrilib. Sözü çəp gələn üç nəfərdən ikisi - 45 yaşlı Daşqın Mehrəliyev və 24 yaşlı Ruslan Mehrəlizadə döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar. Hər iki şəxs tanışları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlərin sözlərinə görə, onları bu hala salan Ramin adlı həmkəndliləridir. Qonşuluqdakı toy mərasimindən içkili vəziyyətdə qayıdan şəxs küçədə onları söyüb. Raminə irad bildirildikdə isə o, yerdən daş götürərək Daşqına xəsarət yetirib. Daha sonra Daşqınla bir yerdə olan qohumu Ruslan da davaya qoşulub. Hər iki şəxsin bədənində və kürək nahiyəsində dişləmə nəticəsində didilmiş yaralar da aşkar edilib. Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin o xəstəxanaya müraciət etməyib. İnsidentlə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Nabranda yerləşən istirahət mərkəzlərindən birində kütləvi dava olub. Gecə saatlarında baş verən hadisə zamanı iki nəfər xəsarət alıb. Onlar Xaçmazın Xudat şəhər sakini 51 yaşlı Toğrul Məmişov və Qusarın Cibir kənd sakini 31 yaşlı Zöhrab Səfiyevdir. Xudat şəhər xəstəxanasına yerləşdirilən şəxslərdən Toğrula sağ və sol dirsək nayihəsinin sıyrılmış yarası, Zöhraba isə qapalı kəllə beyin travması, göz orbitinin əzilməsi və hematoması diqanozu qoyulub. Hər ikisi ilkin yardımdan sonra ambulator müalicəyə göndərilib. Faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 522