Gəncənin Hacıkənd qəsəbəsində toplanan qrup, səhər saat 8 radələrində avtomobillərlə Kəpəz dağının ətəklərinə doğru yola düşür... və təqribən 3 saatdan sonra lazım olan nöqtəyə çatır...
Günel Musayeva- qrup üzvü: “Ekstrimli yollardan keçmişik, amma əsas ekstrim qabaqdadır.
Miri Məmmədov- qrup üzvü: Bura qədər çox gözəl. Açığı bundan da ekstrimli olsaydı daha gözəl olardı, amma indi davamına baxacağıq.
Ən kiçiyinin 11, ən böyüyünün 78 yaşı olan qrup üzvləri ilə söhbət aparılır, son təlimatlar verilir və yolun piyada hissəsi başlayır. Hədəf Kəpəz dağının ən uca, yəni Haça zirvəsini fəth etməkdir.
Müzadil Həsənov- qrup rəhbəri: Məhz Kəpəz dağına belə qrup şəklində 4-cü dəfədir qalxırıq. Əlavə olaraq 3 dəfə Qoşqar dağına qalxmışıq, Cavad xan zirvəsinə qalmışıq. Kəpəzin zirvəsindən hər yer görünür. İn şa Allah özünüz də şahid olacaqsız. Gəncə, Göygöl, Murov dağı, Kəlbəcərin dağları görsənir, Ağdərənin dağları görsənir. İn şa Allah oralara da getmək nəsib olar bizə.
Qrup yoluna davam etsin, biz isə qısa olaraq keçmişə nəzər salaq. Mənbələrə əsasən qədim adı Alparaq olan dağın baş hissəsi 1139-cu ildə baş verən zəlzələ nəticəsində dağılıb. Qopan qaya parçaları Ağ su çayının qarşısını kəsib və nəticədə Göygöl, Maral göl kimi 7 təbiət incisi yaranıb. Bu, bilinən tarixdir, amma bu hadisə ilə bağlı başqa bir rəvayət də var. Deyilər ki, dağın zirvəsinə səma cismi, yəni meteorit düşüb və zirvə yaranan partlayış nəticəsində parçalanıb. Bu fəlakətdən sonra dağ “Kuhi pəz”, yəni “Yanan dağ” adını alıb. ... və indi 50 nəfərlik qrup “Kuhi pəz”in zirvəsini fəth etmək üçün addım-addım irəliləyir. Nəhayət 3 saata yaxın davam edən yürüş sona çatır. 3066 metrlik zirvə fəth edilir... Azərbaycanın 3 rəngli bayrağı dalğalandırılır, dövlət himni səsləndirilir...
Zirvəni fəth edən qrup üzvlərin təəsüratlarına gəldikdə isə...
Zaur Həsənov- qrup üzvü: Mənim həqiqətən çoxdankı arzum idi Kəpəz dağına qalxmaq. Sağ olsun oğlum Müzadil. Dedi ki, ata, gəl gedək. Çox şadam ki, bu yaşımda, artıq az yaş deyil, 80-ə az qalıb, bu yaşımda öz gənc dostlarımla birlikdə zirvəni fəth edəm bildim.
Rəhim Məmmədov- qrup üzvü: Mən Bakıdan gəlmişəm. Çoxsadn arzu edirdim Kəpəz dağına çıxmağı. Deyə bilərm ki, hətta uşaqlıq arzum idi. Axır ki, gəldim çıxdım. Çox gözəldi təəssüratlarım. Çətin olsa da, bilirəm ki, bunu ömrümün sonuna kimi unutmayacam.
Bəli, arzular reallaşır və o arzuları reallaşdırmağı bacaranlara da təbii ki, zirvə yaraşır...
Gülnar Fazilqızı
- Baxış: 2464