Yarış Heydər Əliyev adına parkda keçirilir. Açıq səma altında təşkil edilən birincilik Gənclər və idman nazirliyinin, həmçinin Samux kikboksinq klubunun yaranmasının 17 illiyinə həsr edilib. Ənənəvi olaraq keçirilən yarış bu il 7-ci dəfə təşkil edilib. Açıq xarakterli olduğundan Samux idmançıları ilə yanaşı birincilikdə əksər şəhər və rayonların 25 komandası iştirak edir.
Elnur Salamov – yarışın baş hakimi: “Yarışı keçirməkdə məqsədimiz ondan ibarətdir ki, yay dövründə idmançılarımız vaxtlarını idmana sərf etsinlər, başqa şeylərdən uzaq olsunlar. Bilirsiz ki, kikboksinq federasiyası yarışları narkomaniyaya və uşaq cinayətkarlığına qarşıdır devizi altında keçirir. Biz də çalışırıq ki, yeniyetmələrimiz, gənclərimiz pis vərdişlərdən uzaq olsunlar, idmana gəlsinlər. Bütün idman növləri gözəldir. Amma son zamanlarda kikboksinqə daha da maraq artıb.”
Bu yarışı digərlərindən fərqləndirən cəhət zərif cinsin nümayəndələrinin də döyüşlərə qatılması olub. Mübarizələrdə 10 qız kikboksinqçi qalib olmaq üçün yarışır.
Elnur Salamov – yarışın baş hakimi: “İldən-ilə qız idmançılarımızın sayı artır. Bu da çox sevindirici məqamdır. Cinsindən asılı olmayaraq qız da olsan səndə döyüşkənlik, vətənpərvərlik ruhu olmalıdır. Bu yarışda da qız idmançılarımız həqiqətən oğlan kikboksinqçilərdən də yaxşı döyüşdülər. İstəyərdik ki qızlarımız yalnız uşaq və yeniyetmələrdə yox, daha yuxarı yaş qruplarında da çıxış etsinlər.”
Açıq birincilikdə 300-ə yaxın idmançı iştirak edir. Yarışda bütün yaş qruplarında - uşaq, yeniyetmə, gənc və böyüklər qüvvəsini sınayır.
Elcan Cəfərov – kikboksinqçi: “Mən istəyirəm ki, belə yarışlar tez-tez keçirilsin və təcrübəm artsın. Mən ölkəmizdən başqa xaricdəki yarışlarda da iştirak edib, qalib olmaq istəyirəm.”
Yarış 3 gün davam edəcək. Yekunda mükafatçılar sırasında qərarlaşan idmançılar medal və fəxri fərman, qalib kikboksinqçi isə kubokla təltif ediləcək.
Orxan Cəfərzadə
- Baxış: 641