Adından da bəlli olduğu kimi turun əsas məqsədi Nizami yurdunun tarixini yerindəcə öyrənməkdən ibarət olub. Layihə Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi və “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. İştirakçılar ekotura Göygöl rayon Zurnabad kəndindən yürüşlə start veriblər. 70-ə yaxın gənc dağ yolları və meşələrlə Gəncə çayı boyu təxminən 10 km məsafəni qət edərək təyin olunan məkana çatıblar.
Ekotur ilk olaraq Zurnabad qalasını ziyarətlə başlayıb. Buarad təlim iştirakçıları Gəncənin ən qədim tarixini əks etdirən tikili ilə tanış olublar.
Günümüzədək qorunan Zurnabad qalası ilə tanış olan ekoturçulara abidə barədə məlumat verilib, tikilinin bu ərazilərdə türklərin yaşadığını sübut edən nümunə olduğu diqqətə çatdırılıb.
Həsənbala Sadıqov - tarixçi – “Qədim Gəncə qalasının ruhları bizi gözləyirdi. Bizim gəlişimiz o ruhları çox şad etdi. Və belə bir əminlik yaratdı ki, bundan sonra qədim Gəncə qalası mühim turist obyektlərindən birinə çevriləcək, xalq tarixini orada öyrənəcək, tarixini yaşayacaq və bu da bizim gənclərdə tarixə sahiblik hissinin qüvvətlənməsinə səbəb olacaq.”
Naqif Həmzəyev - millət vəkili – “Əsas məqsədimiz sağlam həyat tərzini təbliğ etməkdir. Biz istəyirik ki, gənclər internet arxasından, virtual aləmdən kənarlaşaraq təbiət qoynuna gəlsinlər, Aəzrbaycanın zəngin təbiətini yaxından tanısınlar, ölkəmizin flora və faunasını öyrənsinlər, Gəncəbasar zonasında mövcud olan turizm marşrutlarını dərindən mənimsəsinlər ki, gələcək nəsillərə bu bilikləri ötürə bilsinlər.”
Qala ətrafında təmizlik işləri aparan gənclər təşkil edilən təlimə də qatılıblar. Ekoloji bilik və bacarıqlar, hərbi-vətənpərvərlik, şəxsi keyfiyyətlərin inkişafı mövzularında müzakirələr aparılıb.
Əminə Əliyeva - ekotur iştirakçısı – “Bu tur mənə gənc rəssam kimi böyük zövq verdi. Mən Gəncəmizin qədim qalalarını, eləcə də gözəl təbiət mənzərələrini gördüm. Gələcək mən gördüşlərimi öz əsərlərimdə əks etdirməyə çalışacam.”
Fidan Aslanova - ekotur iştirakçısı – “Təşkil olunmuş “Yerində tarix” adlı ekoturda çox səmərəli vaxt keçirdik. Gününmüz xoş və əyləncəli oldu. Bunun üçün hər kəsə təşəkkür edirik.”
Sabir Əbdürrəhimov - ekotur iştirakçısı – “Bu günkü ekoturla bağlı təəssüratlarımız çox gözəldi. Çünki yay aylarında bu cür turların təşkil olunması həm tarixi abidələri və əraziləri ziyarət etmək, həm də dostlarımızla vaxtımızı yaxşı keçirmək üçün faydalı oldu.”
Günün ikinci yarısında isə açıq havada mədəni-kütləvi idman proqramları, Gəncənin tarixinə, mətbəxinə, tarixi şəxsiyyətlərinə həsr edilən müxtəlif intellektual oyunlar keçirilib. Ekotur maraqlı anlarlayadda qalıb.
“Yerində tarix” adlı ekotur sonuncu olmayacaq. Belə ki, bu mövsüm daha 4 ekotur təşkil ediləcək. Bundan sonrakı məkan isə Göygöl rayonunun tarixi abidələri və təbiəti olacaq.
Orxan Cəfərzadə
- Baxış: 751