Ötən gün axşam saatlarında Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlayan yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib. Naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib. Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin hesablamalara görə, yanğın ətrafdakı bələdiyyə torpaqlarında xeyli sahəni əhatə etsə də, meşə torpaqlarına aid təxminən 15 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb, ağaclara ziyan dəyməyib. Yanğının yol kənarından keçən vətəndaşların odla ehtiyatsız davranması səbəbindən baş verdiyi ehtimal edilir.
- Baxış: 384