“ARB Kəpəz” və “ARB Günəş”in efirində yayımlanan “Zirvə” bilik yarışında 4-cü mövsümə yekun vurulub. Bu il bilik zirvəsini fəth edənlər Goranboy məktəbliləri olub. İndi onları siz də tanıyacaqsız...
“Zirvə” bilik yarışı iki mərhələdə keçirilir. İlk mərhələdə çəkilişlər Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən tam orta məktəblərdə aparılır. Bu etapda hər rayondan 8-10 məktəb öz aralarında mübarizə aparır və onlardan yalnız ikisi regional mərhələyə keçmək hüququ qazanır. İkinci mərhələnin çəkilişləri isə studiyada həyata keçirilir. Hər mərhələdə zəif nəticə göstərən bir komanda yarışı tərk edir və bu finaladək eyni qaydada davam edir. Məqsədi Azərbaycan təhsilinə töhfə vermək olan “Zirvə” bilik yarışı şagirdlərin biliyini sınağa çəkməklə yanaşı, onlar üçün müəyyən təcrübə olur.
Cavanşir Məmmədzadə - aparıcı: “Bu veriliş uşaqlarda efir həyəcanı deyilənbir şey var, onu öldürür. Sən artıq bir neçə buraxılışda iştirak etdin deyə, sınaq imtahanlarında, qəbulda həyəcan yaşamırsan. “Zirvə” uşaqlara bunu verir”.
“Zirvə” bilik yarışında bu mövsüm Qərb bölgəsinin 1 şəhər və 9 rayonundan 100-ə yaxın məktəb iştirak edib. Aylarla davam edən bilik yarışında üçüncü yerin sahibi Göygöl şəhər 3 saylı tam orta məktəbin şagirdləri olub. Gəncə və Goranboy məktəbliləri isə sonadək mübarizə apararaq birincilik uğrunda yarışıblar. Bilik zirvəsini fəth edənlər isə Goranboy rayon Qızılhacılı qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdləri olub.
Əsmər Zeynalova - Goranboy rayon Qızılhacılı qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdi: “Gəncə ilə həmişə qarşılaşıb Goranboy məğlub olurdu. Bu dəfə isə biz qalib gəldik. Gəncə komandası da güclü idi. Buna baxmayaraq layiq olan qalib gəldi. Bu qalibiyyəti bütün goranboylulara həsr edirik”.
Birinciliyi əldən verən Gəncə şəhər 27 nömrəli məktəb-liseyin şagirdləri isə bunun səbəbini tələskənlikdə görüblər.
Rübabə Əliyeva - Gəncə şəhər 27 nömrəli məktəb-liseyin şagirdi: “Suallara fikirləşmədən cavab verirdik. Üçüncü turda bu hal bizi geri saldı. Amma Qərb bölgəsində ikinci yer də pis deyil. Ümid edirik ki, gələcəkdə daha yaxşı qələbələrimiz olar. Birinci və ikinci turda bir gedirdik. Onlar buna layiq idi”.
Komanda üzvlərini dinlədik... Bəs bu mövsüm şagirdlərin biliyini sınağa çəkən Cavanşir Məmmədzadə üçün necə yadda qaldı?
Cavanşir Məmmədzadə - aparıcı: “Ötən mövsümə baxanda bu mövsüm çox gərgin keçdi. Final oyunu da həmçinin. Mən belə bir final olacağını gözləmirdim. Üçüncü tura kimi komandalar bərabər gəldilər. Sonda isə layiqli qələbə çalındı. Əslində bir- iki mərhələ sonra onların qalib gələcəyi bəlli idi. Düşünürəm ki, yeni mövsüm bundan da maraqlı olacaq”.
Qalib olan komandalara dəyərli hədiyyələr və diplomlar təqdim olunub. “Zirvə” 2013-cü ildən erkranlara çıxır. İlk mövsümün qalibi Daşkəsən, növbəti iki ilin qalibləri isə Tovuz rayon məktəbliləri olub.
Gülnar Fazilqızı
- Baxış: 2515