• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 16.06.2017 15:11

Amil Həmzəyev yenidən legioner həyatı yaşayacaq

KepezTV Player

Ölkə xaricində çıxış edən azsaylı basketbolçulardan olan Amil Həmzəyev yenidən legioner həyatı yaşamaqda maraqlıdır. Amma bu işdə tək onun özü maraqlı deyil. Belə ki, gəncəli basketbolçuya çoxlu dəvətlər var.

Ötən il karyerasında yeni səhifə açaraq ilk dəfə xaricdə oynamaq imkanı əldə edən Amil Həmzəyev son mövsümü Ukraynada keçirib. “Kremen” klubu ilə müqavilə bağlayaraq bir il bu komandanın şərəfini qoruyan mərkəz oyunçusu artıq sərbəst agentə çevrilib. Ukraynalılar Həmzəyevi yenidən sərəncamında görmək istəsələr də, o, daha iddialı klublarda oynamaq fikrindədir. İslamiadanın qızıl mükafatçısı bir sıra ölkələrdən cəlbedici təkliflər alıb və götür-qoy etdikdən sonra bu dəvətlərdən birinə razılıq verəcək.

Amil Həmzəyev- basketbolçu: “Böyük ehtimalla legioner karyeramı davam etdirəcəm. İslam Həmrəyliyi Oyunlarındakı qələbəmiz təkliflərin artmasına səbəb olub. Polşa, Ukrayna, Gürcüstan və bir sıra digər ölkələrdən təkliflər almışam. Xaricə səfər edib menecerimlə görüşüb və millimizin məşqçisi ilə də məsləhətləşib qərar verəcəyik. Bu ayın sonu və ya iyulun əvvəlində harda çıxış edəcəyim dəqiqləşəcək”.

Yeni çağırışlara hazır görünən Həmzəyev Gürcüstan və Ukrayna ilə müqayisədə Polşa variantına üstünlük verir. Bunun üçün onun tutarlı səbəbi də var.

Amil Həmzəyev- basketbolçu: “Polşada oynamaq istəyirəm. Avropanın mərkəzinə yaxın olduğu üçün, ordan əsas basketbol ölkələrinə getmək daha asandır. Amma yenə təkliflərə baxacağıq”.

Ukraynada keçirdiyi mövsüm Amilin böyük təcrübə toplamasına, tanınmasına şərait yaradıb. “Kremen”in ilk əcnəbi basketbolçusu olan Həmzəyev dəfələrlə komandasının ən məhsuldar oyunçusu kimi fərqlənib.

Həftənin simvolik komandasına düşüb, “Ulduzların oyunu”nda iştirak edib.

16 yaşından müxtəlif yaş qrupları üzrə yığma komandalara dəvət alan Amil Həmzəyev əsas millinin aparıcı üzvlərindən sayılır. O, fəaliyyətini dayandırmış “Gəncə” klubunun heyətində vaxtilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. Həmçinin, Bakıda keçirilən ilk Avropa Oyunlarının iştirakçısı olub.

 

Azad Rəfi