• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 14.06.2017 15:42

Samux və Goranboyda məzunlar “Son zəng”in həyəcanını yaşayıblar

KepezTV Player

Son zəng Samux və Goranboy məktəbliləri üçün də duyğulu anlarla yadda qalıb. Birincilər məktəblə vidalaşan məzunları çalınan son zənglə müstəqil həyata yola salıb.  

Samuxda 669 nəfər 9-cu, 485 nəfər isə 11-ci sinfi bitirir. 11-cilərdən 241-i ali məktəblərə sənəd verib. Test imtahanlarının nəticələrinə əsasən 120 məzun keçid balından yuxarı nəticə göstərib. 35-dən 23-ü tam orta məktəb olan Samuxda təşkil edilən son zəng tədbirlərində dərs ilində qazanılan nailiyyətlərə nəzər yetirilib, müxtəlif müsabiqələrdə və idman yarışlarında nailiyyət əldə edən şagirdlər mükafatlandırılıb.

Əminə Cəfərova- Samux şəhər 2 saylı tam orta məktəbin direktoru: “Məktəbimizin uğurları böyük olub. Bir nəfər 11-ci sinif şagirdi respublika inşa yazı müsabiqəsinin qalibi, bir nəfər isə respublika rus dili olimpiyadasının qalibi olub. Məktəbimizdə daim irəliyə doğru çalışırıq. İstəyirik ki, məktəbimizin adını daima yüksəklərə ucaldaq. İnşallah gələn il məktəbimiz təmayül məktəb kimi fəaliyyət göstərəcək və nailiyyətimiz daha çox olacaq”.

“Son zəng” sevinci, həm də həyəcanını yaşayan məzunlar müəllimlər və valideynləri sevindirəcək xəbərlə - tələbə adını qazanmaqla etimadı doğrultmağa çalışacaqlar. 

Həsən Verdiyev - məzun: “Bu gün bizim üçün qürurverici bir hissdir. Mən də bu gün əsgər formasında öz çıxışımı göstərə bilirəm. Bizim bu gün uşaqlığımızdan gözlədiyimiz bir gündür. Ona görə də hər birimizə bu həyat yolunda uğurlar arzulayıram”.

Elnurə Əlizadə- məzun: “Həqiqətən də məktəb illəri çox gözəl məktəb illəri oldu. Çox sevinirəm ki, məktəbi bitirib artıq yeni həyata addımlayıram”.

Rayonda təhsilin səviyyəsinin ilbəil yüksəldiyinə diqqət çəkən natiqlər 15 məktəb üçün yeni binanın inşa edildiyinin, bir neçə təhsil ocağının isə əsaslı təmir olunduğunun buna təsirsiz ötüşmədiyini vurğulayıblar. Növbəti il üçün bir neçə məktəb binasının inşası, Gürcüstanla sərhəddə yerləşən Burunqovaq kəndində modul tipli məktəbin tikintisi nəzərdə tutulub.

15 min şagirdin təhsil aldığı Goranboy rayonunda da məzunlar tədris ilinin başa çatmasını böyük coşqu ilə qeyd ediblər. Bu il rayon üzrə 944 şagird məktəbi bitirib. Onlardan 647 nəfəri ali məktəblərə sənəd verib və 341-i yaxşı nəticə göstərib.

Elçin Həsənov – məzun: “Bu son zəng hər birimizin qəlbində xüsusi bir izə malikdir və xüsusi bir yer tutacaqdır. Bu gün bura yığışan hər bir məzunun adından mən bunu deyirəm, inanıram ki, gələn il son zəng səslərini biz Laçında, Şuşada, Qarabağda, üç rəngli bayrağımızın altında qeyd edəcəyik”.

Məzun: “Mən bu il bu məktəbi bitirirəm. Həqiqətən hər bir müəllimin bizim üzərimizdə çox böyük əməyi var, əziyyəti var  və  bu əziyyət danılmazdır. Burada yaşadığımız hər bir hiss, hər bir an bizim üçün bir xatirəyə çevrilir. Məktəb bizə həyatda layiqli  yaşamağı və Azərbaycan vətəndaşı kimi formalaşmağa kömək edir”.

Son 5 ildə Goranboyda 24 yeni məktəb binası tikilərək istifadəyə verilib. 12 təhsil ocağı əsaslı, 5-i isə cari  təmir edilib.  Bu ilin sonuna kimi Tap kənd məktəbi də əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına veriləcək.

    

Natiq Hüseyn