• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 12.06.2017 15:33

Elman Rüstəmov: "Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq"

KepezTV Player

Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi mövcud iqtisadi vəziyyətə uyğun deyil. Elə buna görə rəsmi dairə qərarına yenidən baxmağı planlaşdırır. Mütəxəssislər bildirirlər ki, uçot dərəcəsinin aşağı salınması bankların gəlirlilik səviyyəsinin artmasına səbəb ola bilər.

Mərkəzi Bank yaxın günlərdə uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır. Baş bankir Elman Rüstəmovun sözlərinə görə, mayda keçirilən monitorinq inflyasiyanın azalmaqda davam etdiyini göstərib: “Bu vəziyyətdə uçot dərəcəsinin yumşaldılması məsələsi aktuallaşır. Həmçinin, istehlak qiymətləri indeksi ilə bağlı vəziyyət yaxşılaşıb. İnflyasiyanın dinamikasını izləyirik və müsbət prosesləri müşahidə edirik. 2017-ci ilin ilk dörd ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə daha az olub”. Manatın qorunması Mərkəzi Bankın əsas funksiyasıdır, bu baxımdan da faiz dərəcəsinə mütəmadi nəzarət edir. Mərkəzi Bankın uçot faiz dərəcəsi hazırda 15%-dir. Mütəxəssislər hesab edirlər ki, faiz dərəcəsini mövcud səviyyədə saxlamaq və yuxarı qaldırmaq bank sektoru üçün heç nə vəd etmir.

Səradəm Mustafayev- bank mütəxəssisi: “Hazırda kommersiya banklarında mövcud problemli kreditlər və gəlirlilik səviyyəsi aşağı olduğuna görə Mərkəzi Bank bunları nəzərə alıb öz tədbirlərini görə bilər. Bu azalmaya doğru gedə bilər. Mən belə hesab edirəm ki, faiz dərəcəsi 8-10 arası olsa Mərkəzi Bank və müvafiq olaraq banklar da ona uyğun işlərini qura bilər”.

Misal üçün, Qazaxıstan Mərkəzi Bankı iyunun 5-də keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz endirərək 10,5% həddində təsdiqləyib. Bankdan verilən məlumatda deyilir ki, ölkə iqtisadiyyatının sürətli bərpası və artan məcmu tələb fonunda inflyasiya riskləri o qədər də yüksək deyil: “Neftin qiyməti 50 dollar/barel səviyyəsində qalacağı təqdirdə iqtisadiyyatın baza ssenarisinin həyata keçirilməsi yaxın 12 aylıq perspektivdə uçot dərəcəsinin yenidən azaldılmasını istisna etmir”. Bütün qeyd edilənlərə baxmayaraq, ABŞ Federal Ehtiyatlar Sisteminin ilin sonuna qədər faiz dərəcələrini 2 dəfəyədək artıracağı gözlənilir. Elə buna görə də...

Səradəm Mustafayev- bank mütəxəssisi: “Azərbaycan Mərkəzi bankı da gələcək pul kredit siyasətini ona uyğunlaşdırmalıdır. Əgər nəzərə alsaq ki, ölkəmizin xarici valyutadan asılılığı var. Xarici valyutaya olan ehtiyacımız tam ödənməmişdir. Ona görə biz xarici valyutaya olan münasibətimizi dollara olan münasibətlə tənzimləməliyik”.

Ötən il sentyabrın 14-də Mərkəzi Bank tərəfindən uçot faiz dərəcəsi 9.5%-dən 15%-ə qaldırılıb.

 

Jalə Qurbanova