• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 09.06.2017 16:11

“Qarabağ münaqişəsi nəticəsində maddi mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib

KepezTV Player

Gəncədə “Qarabağ münaqişəsi nəticəsində maddi mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Hədəf qrupu gənclər olan tədbirdə erməni vandalizminə məruz qalan mədəniyyət və qeyri-mədəni irs nümunələri barədə məlumat verilib.

Konfransda səslənən əsas fikir budur - Qarabağ və ümumiyyətlə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, xüsusilə gənc nəsil arasında təbliğ olunmasına böyük ehtiyac var.

Telman Qurbanov- tələbə: “Çalışırıq ki, sosial şəbəkələrdə Qarabağ haqqında daha çox paylaşımlar edək. Facebook-da Qarabağ münaqişəsi haqda qrup yaratmışıq. Qrupda fikir və rəylərimizi paylaşırıq və bölüşürük. “Tvitter”də həşteqlər yaradırıq. Başqa sosial şəbəkələrdə həmin həşteqlərdən istifadə edirik. Nə qədər çox istifadə olunsa o qədər bizim səsimiz yüksəklərdən gələcək”.

Günel Hüseynzadə- Tələbə Gənclər Təşkilatının sədri: “Maraq böyükdür. Digər tədbirlər təşkil edəndə deyil, Qarabağla bağlı, vətənpərvərlik ruhda tədbirlər keçirəndə gənclərin oraya cəlb olunması və gənclərin oraya cəlb olunması daha aktiv olur”.

Azərbaycanda tarix mədəniyyət abidələri, mədəni irsimizlə bağlı metodiki tövsiyələrin, maarifləndirici əsərlər, kitablar, gənclərin öyrənə biləcəyi mənbələr çox az olduğuna görə bu istiqamətdə layihələr icra olunur. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə təşkil edilən növbəti belə layihədə erməni vandalizmi üzrə mövcud məlumatların xüsusilə gənclər və gənclər təşkilatlarının vasitəsilə elektron formada təbliği əsas məqsəd olub.

Faiq İsmayılov- AMEA-nın əməkdaşı: “Xristianlıq dövrünə qədər və xristianlıq dövrü abidələrini ermənilər birmənalı şəkildə özününküləşdirir və erməniləşdirirlər. Bununla bağlı dünyada çox geniş təbliğat işləri aparırlar. Halbuki bizim xristian dövrü abidələrimiz, Qafqaz Albaniyası abidələrini biz özümüzünkü hesab edirik. Bunun həm tarixi, həm də memarlıq baxımından qətiyyən erməni mədəniyyətinə uyğunluğu yoxdur”.

İlkin hesablamalara görə, Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulan zərərin ümumi miqdarı 177 milyard ABŞ dolları təşkil edir. Amma təəssüf ki, bu qədər zərərə baxmayaraq ermənilər dünya ictimaiyyətinə mədəniyyətimiz və mədəni irs nümunələrimizi öz adları ilə qəbul etdirməyə çalışır.

Nail Şükürov- Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri: “Etiraf etmək düzgün olardı ki, bu Ermənistan tərəfinin təbliğat işinə sistemli yanaşmasının nəticəsidir. Elə bir nəticəyə gələk ki, bizdə də təbliğat işində təşkilatlanma sistemli şəkildə olsun. Bu layihənin nəticəsi olaraq təbliğat işinin daha təşkilatlanmış şəkildə getməsində həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti institutları, həm də gənclərin aktivliyi, birgə əməkdaşlığı artacaq”.

Konfrans zamanı “Qafqaz albaniyası-gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunub.

Jalə Qurbanova