Nizami polisi quldurluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində əməliyyat tədbiri həyata keçirib. Qadına qarşı quldurluq edən həmcinsi və onunla əlbir olan kişi saxlanılıb.
Vətəndaş Yeganə İsayevaya 4 iyun tarixində metronun “Neftçilər” stansiyasının yaxınlığında iki nəfər naməlum şəxs zor tətbiq edərək əlindəki pul kisəsini alaraq hadisə yerindən qaçıblar. Cinayət hadisəsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə məlumat verilib və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Elnur Əliyev- Nizami RPİ-nin 25-ci PB-nin rəis müavini: “Hadisəni törətməkdə şübhəli bilinən, Kərimova Səidə İlham qızı və Hüseynov İsrafil Məziyəddin oğlu saxlanılıb və istintaqa təqdim olunub”.
Saxlanılan şəxslər hadisədən əvvəl zərərçəkən qadını izlədiklərini və münasib bildikləri məqamda ona hücum etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları Səidə Kərimova və İsrafil Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-nin 25-ci PB-nə müraciət edə bilərlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 727