Vaxt bütün qapıları səbrli insanların üzünə açır. Səbri əldən verib, sözü kəsərdən salanlar çarəni bıçağa əl atmaqda görür. Seçdikləri bu çarə isə onları azadlıqdan, qarşıdakını isə sağlamlıqdan edir.
Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb. Üçtəpə kənd sakini 21 yaşlı Elşən Mustafazadə bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Ona tibbi yardım göstərilib və palataya yerləşdirilib. Üçtəpə-Gəncə marşrut xəttində sürücü işləyən Elşən Mustafazadəni həmkəndlisi Emin adlı şəxsin bıçaqladığı bildirilir.
Daha bir qanlı olay Bakının Nərimanov rayonunda baş verib. Rayon sakini 30 yaşlı İslam Qəniyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi aradan qaldırılıb. Yaralı izahatında tanımadığı şəxs tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlandığını bildirib. Nərimanov polisi hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirir. Hər iki faktla əlaqədar başlanılan araşdırmalar davam edir.
Elnur Vahidoğlu
- Baxış: 417