Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qəhrəmanlarından biri, paralimpiyaçı Samir Nəbiyev doğulub boya-başa çatdığı Şəmkirdə olub. Onun doğma rayona gəlişi bayram əhval-ruhiyyəsi yaradıb. Yerli Olimpiya İdman Kompleksinin önündə keçirilən qarşılanma mərasiminə rayon rəhbərliyi, idman ictimaiyyətinin nümayəndələri, eləcə də idmansevərlər toplaşıb. Samir Nəbiyev İslamiadada paraatletika yarışlarında qüvvəsini sınayıb və ölkəmizi layiqincə təmsil edərək iki qızıl medal qazanıb. O, nüvə itələmə və lövhə atma növlərində bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. London və Rio Paralimpiya Oyunlarının iştirakçısı olan Nəbiyev Dünya Oyunlarının qalibi, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır.
Samir Nəbiyev- İslamiadanın qalibi: “Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm ki, paraatletikanın İslam Oyunlarına salınmasına şərait yaratdılar. Biz də sübut etdik ki, varıq. Mənə dəstək olan şəmkirlilərə təşəkkür edirəm. Gəldiyimiz yollar çətindir. Qələbəni əldə edəndən sonra çəkdiyimiz əziyyətlərin hamısı unudulur. Qürür hissi duyuruq ki, öz vətənimizdə qələbə qazanırıq, valideynlərimizi sevindiririk”.
Azad Rəfi
- Baxış: 325