• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 03.06.2017 16:29

“Gəncəmizi Təmiz Saxlayaq”!

KepezTV Player

Bu ad altında Gəncəçayının məcrasında könüllü və fəal gənclər təmizlik aksiyası keçirib. Aksiya çərçivəsində gənclər çayın məcrasını eləcə də ətrafını məişət tullantılarından təmizləyib.

Elmir Bağırov- aksiya iştirakçısı: “Gəncəçayı Gəncəmizin simvoludur. Biz hər zaman Gəncə gəncləri olaraq çayımızı təmiz saxlamalıyıq”.

Elə bu məqsədlə Gəncənin ali məktəblərində təhsil alan tələbələr və şəhərin fəal gəncləri Gəncəçayının məcrasının təmizlənməsi üçün səfərbər olub. Gəncəçay Park Bulvar Kompleksi və YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin aksiyaya dəstək verib. 

Əminə Əliyeva- aksiya iştirakçısı: “Bu aksiyaya qoşulmuşuq. Məqsədimiz Gəncəçayının təmizlənməsi, eləcə də ekologiyamızın qorunmasıdır. Burdan üzümü bütün gənclərə tutaraq deyirəm ki, onlar da gələcəkdə belə aksiyalara qoşulsunlar”.

Təhminə Əliyeva-  aksiya iştirakçısı: “Gəncə ekologiyasının qorunması ilə bağlı bir çox aksiyada iştirak etmişəm. Səhər saatlarından başlayaraq Gəncəçayı və ətrafını təmizləyirik. Aktiv gəncləri və tələbələri bu aksiyada iştirak etməyə dəvət edirəm”.


Röya Mövlayeva- aksiya iştirakçısı: “İlk dəfədir ki, belə bir aksiyada iştirak edirəm. Çox xoşuma gəldi və tez-tez belə aksiyalarda iştirak edəcəm. Aksiyanı keçirənlərə minnətdaram”.

Aksiya Gəncəçayın Park Bulvar ərazisindən keçən sol sahilini əhatə edib. 50-dən artıq gənc uzunluğu 1200 metr olan ərazini tullantılardan, eləcə də alaq otlarından təmizləyib.

Rüstəm Bağırov- Gəncəçay Park Bulvar Kompleksinin rəisi: “Hər gün könüllülər başda olmaqla təmizlik işləri gedir. Ancaq həftənin hər altıncı günü aksiyamız davam edir. Bütün gənclər bizə qoşulur. Mən bütün gənclərimizə və şəhər sakinlərinə müraciət edərək bildirirəm ki, Park Bulvarın nəzdində bizim zibil qutuları var. Gəncəmizi, Gəncəçay Park Bulvar Kompleksini, çayımızı təmiz saxlayaq və zibilləri qutulara ataq”.

Gəncəçayının təmizlənməsi üçün keçirilən aksiyada məişət tullantıları torbalara yığılıb. Torbalara yığılan məişət tullantıları aksiya başa çatdıqdan sonra xüsusi ayrılmış yerlərə aparılacaq.

Elnur Vahidoğlu