• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 02.06.2017 16:16

Gəncənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə aparılan işlər davam etdirilir

KepezTV Player

“Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası artıq 4-cü fazaya qədəm qoyub. 5 mərhələli proses Gəncə şəhəri ilə yanaşı, Samux rayonunu, eləcə də Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir ki, bu da bölgənin 2035-ci ilədək perspektiv inkişafını nəzərdə tutur.

Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihəyə 2011-ci ildən start verilib. İlkin olaraq şəhəri içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay dəryaçasından 51.8 km uzunluğunda magistral kəmərlər çəkilib, su anbarı tikilib, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb.

“Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin 1-ci mərhələsində inşa olunan Qızılqaya su anbarında hazırda test sınaq və xətlərin yoxlanılması işləri aparılır. 3 hissədən ibarət olan anbarın ümumi tutumu 12000 kubmetrdir.

Layihənin 2-ci və 3-cü hissəsi isə şəhərin bir hissəsinə su və kanalizasiya xətlərinin çəkilməsi, mövcud şəbəkənin ləğvi və mənzillərə su sayğaclarının quraşdırılmasını əhatə edib. 

Rövşən Yusifov- layihənin mühəndisi: “Bu layihənin üçüncü mərhələsi tamamlanmaq üzrədir. Hazırda şəhərin Gülüstan qəsəbəsi ərazisində 400 mm kanalizasiya boru xətlərinin 800 metr məsafədə çəkilməsini başa çatdırmaq üzrəyik. Aparılan işlər çərçivəsində 600 kanalizasiya quyuları yerləşdirilib ki, bu da mərhələnin tamamlanma hissəsinə təsadüf edir”.

3-cü mərhələ çərçivəsində 3 minə yaxın abonentin mənzilinə su xətti çəkilərək sayğac quraşdırılıb və proses davam etdirilir.

Layihənin 4-cü mərhələsinə isə bir neçə gün bundan öncə start verilib və hazırda işlər şəhərin Heydər Əliyev prospektinin bir hissəsində aparılır. Buranın su kanalizasiya xətlərinin çəkilməsi tam başa çatdıqdan sonra işlər mərhələli şəkildə şəhərin digər küçə və prospektlərində davam etdiriləcəkdir.

Layihə çərçivəsində həcmi 5000 kubmetr olan su anbarının, 195 km içməli su, 144 km kanalizasiya şəbəkəsinin, 45 km kollektorun və 2,3 km mikrotunelin inşası nəzərdə tutulur. İlkin olaraq işlər Heydər Əliyev prospektində 442 metr məsafədə, Bazar ətrafı ərazilərdə isə 800 metr məsafədə aparılır. Layihənin 4-cü mərhələsinin 30 aya yekunlaşdırılaraq təhvil verilməsi nəzərdə tutulur. Yaranacaq tullantı sularının təmizlənərək axıdılması üçün Samux rayonu ərazisində məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğunun tikintisi planlaşdırılır.

 

Xaliq Qurbanlı