Bakıda iki döyülmə faktı qeydə alınıb. Hadisələrdən birində döyən tərəf kişi, döyülən qadındır. Digərində isə əksinə. Bu dəfə zərif cinsin nümayəndəsi kişiyə xəsarət yetirib.
Binəqədi rayonunda kişi qeyri-rəsmi yaşadığı qadını döyüb. Hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. 37 yaşlı Şəlalə İbrahimova həbsdən yeni azadlığa çıxan qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülüb. Xəsarət alan qadın xəstəxanaya gətirilib. Tibbi yardımdan sonra yaralı palataya yerləşdirilib. Tibbi ekspertlər Şəlalə İbrahimovanın xəsarətləri barədə rəy verəndən sonra fakta hüquqi qiymət veriləcək.
Sabunçuda da döyülmə faktı qeydə alınıb. Bu dəfə qadın kişiyə qarşı zorakılıq edib. Hadisə Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində qeydə alınıb. Əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayan Ağdam rayon sakini 24 yaşlı Taleh Quliyev kafedə iki dostu ilə yeyib içib. Sərxoş vəziyyətdə olan kişi özünə pivə sifariş verib. Kafeni işlədən xanımın içkinin qurtardığını deməsi, onlar arasında mübahisənin yaranmasına səbəb olub. Dava zamanı Taleh Quliyev başından xəsarət alıb və xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Zərərçəkən ifadəsi zamanı onu döyən şəxsin adının Müşviq olduğunu desə də, kafeni işlədən xanım polislərə bildirib ki, Taleh Quliyevə taxta parçası ilə xəsarət yetirib. Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 431