Dövlət Baytarlıq Nəzarəti Xidməti dövlət büdcəsi hesabına alınan dərman preparatlarının yerlərdə istifadəsinə nəzarəti gücləndirib. Bu həm profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılmasına, həm də mal-qaranın yoluxucu xəstəliklərdən qorunmasına hesablanıb. Şəmkirdə də yerli baytarlara verilən preparatlar sahələrə çatdırılanadək soyuducularda saxlanılır və sahə baytar həkimlər tərəfindən xırda davarlarda göz- damcı üsulu ilə peyvəndləmə aparılır.
Məmməd Qasımov- Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Üzərlərinə yazılan preparatlar dezinfeksiya maddələrinin hamısı ancaq bizim baytar həkimləri tərəfindən bölgüsü aparılır və sırf özləri işlədir. Biz də bunlara mütəmadi olaraq nəzarət edirik. Mən də bütün fermer təsərrüfatlarının sahiblərinə müraciət edərək bildirirəm ki, onlarda bizim həkimlərə müraciət etsinlər və onların iştirakı ilə tədbirlər aparılsın”.
Rayonda 61 min iri və 288 min xırda davar bəslənilir. 16 baytar sahə məntəqəsinin həkimləri tərəfindən bu günədək mal-qara və xırda davarlara dabaq və qarayara əleyhinə peyvəndlər vurulub, eyni zamanda iri buynuzlu heyvanlardan bruseylloza qarşı qan nümunələri götürülüb. Vaxtında aparılan profilaktik tədbirlər nəticəsində Şəmkirdə epizootik durumu sabit saxlamaq mümkün olub.
Bayram Zeynalov- təsərrüfat sahibi: “Peyvəndləmə vaxtında aparılır. 250 doğar qoyunum var. İlbəil də artır. Bütün il demək olar ki, qarayara, çiçək və digər xəstəliklərə qarşı vaksinlər vurdururuq”.
Natiq Hüseyn
- Baxış: 659