• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 25.05.2017 00:03

Şəmkirdə su üstündə qan tökülüb

KepezTV Player

Şəmkir sakini qardaşının mübahisəsinə görə əlini qana bulayıb. Gənc oğlan həmkəndlisinə kəsici alətlə ağır bədən xəsarəti yetirib.  Hadisədən sonra isti izlərlə saxlanılan şəxs başına gələni şeytanın ayağına yazıb.

Şəmkirin Tatarlı kənd sakini Elbrus Quliyevin ağlına gəlməyən başına gəlib. May ayının 20-si saat 17 radələrində qardaşı Elçin Quliyevin həmkəndlisi Səbuhi Tağıyevlə mübahisəsi Elbrusu işə salıb. Qardaşının çağırışı ilə söhbətə qoşulan Elbrus Quliyev mübahisəni qanla yekunlaşdırıb.  

Elbrus Quliyev- saxlanılan şəxs: "Qardaşım dedi sən qorxursan söhbətə getmək istəmirsən. Mən də getdim. Orada da dava düşdü. İstəmirdim belə olsun. Çəkiclə sağ ayağına vurdum. Yenə istəmirdim şeytana lənət".

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, tərəflər arasında mübahisə su üstündə yaranıb. İşin istintaqını aparan müstəntiq Yunis Quliyevin sözlərinə görə, artıq saxlanılan şəxsin barəsində yerli məhkəmənin qrəraı ilə həbs qəti imkan tədbiri seçilib.

Yunis Quliyev- müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsi və Zəyəm polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Elbrus Quliyev saxlanılaraq istintaqa təqdim olunub. Hal-hazırda Elbrus Quliyevin barəsində tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1- ci maddəsi ilə cinayət işi başlanaraq istintaq tədbirləri davam etdirilir".

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Günahı tam sübuta yetirilərsə Elbrus Quliyev bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirəcək. Hələ də həkim nəzarətində olan Səbuhi Tağıyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

Natiq Hüseyn