Göygöl rayonunda “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin inkişaf etdirilməsi” layihəsinin yekunu ilə bağlı seminar təşkil edilib. Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilib.
İbrahim Əhmədov- süni mayalanma mütəxəssisi: “İki ildir ki, bu layihə ilə işləyirik. Bu layihədə bilik bacarıqlarımızı artırmışıq. Yeni avadanlıqlarla təchiz olunmuşuq. Bu layihə yeni avadanlıqlarla işləməyi bizə öyrədib. Biz də eyni zamanda öyrəndiklərimizi yerlərdə mütəxəssislərə öyrədirik”.
2015-ci ilin iyul ayından başlanılan layihə çərçivəsində Respublikamızda 200-ə yaxın süni mayalanma üzrə mütəxəssis hazırlanıb. Bu mütəxəssislərə Respublika Süni Mayalanma Mərkəzində istifadə olunan toxumun keyfiyyətinin yaxşılaşdırılması və süni mayalama mərkəzinin səmərəli, davamlı idarə edilməsi, eləcə də süni mayalama bacarıqları, müasir kənd təsərrüfatı texnologiyaları qabiliyyətinin inkişaf etdirilməsi öyrədilib. Həmçinin rayon və regional səviyyədə süni mayalama mütəxəssislər assosiasiyalarının yaradılması da layihə çərçivəsində həyata keçirilib.
Mələk Çakmak- FAO-nun Azərbaycandakı ofisinin rəhbəri: “Biz Kənd Təsərrüfatı baxımından Azərbaycanı potensialı yüksək olan ölkə kimi görürük. O, baxımdan Azərbaycanda FAO ofisini 2015-ci ildə yaratdıq. Məqsədimiz də məhsuldarlığı daha da artırmaq və bunun üçün də işlər görməkdi. Kənd təsərrüfatının bitkiçilik, tütünçülük, meşəçilik və balıqçılıq, eləcə də kənd yerlərinin inkişafına, heyvandarlığa dəstək veririk”.
Qalib Əbdüləliyev- Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri: “Layihənin köməkliyi ilə Respublikada ilk dəfə təlim keçmək üçüm təlim semulyator deyilən avadanlıq ölkəmizə gətirilib. Canlı heyvan olmadan da təlimi tam keçib orada sertifikat alandan sonra canlı heyvana baxmağa buraxılacaq. Layihənin bizə gətirdiyi bu yeniliklərdi”.
2007-ildə Göygöl rayonunda yaradılan Respublika Süni Mayalandırma Mərkəzi də heyvandarlığın inkişaf etdirilməsi üçün işlər görülür. Burada saxlanılan cins damazlıq buğalardan alınan toxumlar fermerlərə güzəştli yolla satılır. Ümumilikdə isə ötən il Respublika üzrə 104 min cins buğadan toxum alınaraq satılıb. Mayalanan bu heyvanlardan da 74 minindən bala alınıb.
Ramiq Abbasov- Respublika Suni Mayalanma Mərkəzinin direktoru: “Yeni bir mərkəz inşa olunub. Yaxın günlərdə fəaliyyət başlayacaqdır. Bizə Almaniya və Avstriyadan 38 baş cins damazlıq buğalar gətirilib. Onlar bizim mərkəzin mütəxəssisləri tərəfindən toxum almaq üçün öyrədilib və toxum alınır. Alınan toxumlar fermer və süni mayalanma mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Bu işin gələcəyi Respublikamızda müsbət görünür”.
Seminarda layihə uğurlu alındığı üçün gələn il bunun davamı olaraq Azərbaycan və FAO əməkdaşlıq sənədi altında yenidən davamının gerçəkləşdiriləcəyi də vurğulanıb.
Elnur Vahidoğlu
- Baxış: 1794