Gəncə basketbolçusu Amil Həmzəyev Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarının qızıl mükafatçısı olub. O, kişilərdən ibarət yığma komandamızın heyətində basketbolun 3-ə 3 növü üzrə İslamidadanın qalibi adını qazanıb.
Həmzəyevin yer aldığı milli finalda Qətəri 13:9 hesabıyla məğlubiyyətə uğradıb. Bununla da, Amil paracüdoçu Ramil Qasımovdan sonra İslam Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan ikinci Gəncə idmançısı olub.
Amil Həmzəyev- İslamiadanın qalibi: “Əlimizdən gələni edib ən yüksək pilləni tutduq. Bayrağımızı qaldırıb, himnimizi səsləndirdik. Sevincliyik, qürurluyuq. Hər oyuna çıxanda məqsədimiz qələbə idi. Gözləyirdik qələbəmizi. Finaldakı rəqibimiz dünya çempionu idi, favorit onlar idi”.
Zaur Paşayev, Amil Həmzəyev, Orxan Aydın və Marşal Mosesdən ibarət heyət mötəbər turnirdə keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Qətərlə görüşə kimi basketbolçularımız yarımfinalda Türkiyə, ¼-də İndoneziya yığmasına qalib gəlib. Qrup mərhələsində də türkləri üstələyən komandamız həmçinin, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistana gücünü göstərib. Millinin hər qələbəsinə Amil Həmzəyev yüksək səviyyəli oyunla töhfə verib.
Amil Həmzəyev- İslamiadanın qalibi: “Avropa Oyunları ilə müqayisədə daha çox oynamaq imkanı əldə etdim, hamıdan da çox xal yığdım. Məşqçi mənə güvənirdi, komandada əla atmosfer yaratmışdı. Hər kəs öz işini görürdü deyə komanda ruhu vardı. Ukraynada uğurlu mövsüm keçirməyim də kömək oldu”.
Yeri gəlmişkən, Azərbaycan yığması ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunlarının tarixində ikinci dəfə çempion adını qazanıb. Kişi basketbolçularımız bundan öncə 2005-ci ildə ilk İslamiadada qələbəni bayram edib. Səudiyyə Ərəbistanında keçirilən 12 il əvvəlki yarışda komandamız klassik basketbolda çempion olub.
Azad Rəfi
- Baxış: 477