Oyunların növbəti günündə sərbəst güləş yarışlarına start verilib. 57 kq-da ölkəmizi təmsil edən Mahir Əmiraslanov finalda da rəqibinə qalib gəlməklə güləş yığmamıza günün ilk qızıl medalını qazandırıb. 65 kq-da güləşən Maqomed Müslimov da çempionluğa yaxın olsa da, pəhləvanımız həlledici görüşdə yol verdiyi səhvin qurbanı olub və yarışı gümüş medalla başa vurub. 97 kq-da mübarizə aparan Nurmaqomed Hacıyev yığmamıza növbəti qızıl medalı qazandırıb. Final görüşünə yaxşı başlamayan güləşçimiz sonradan təşəbbüsü ələ alıb və rəqibinə çətin anlar yaşadıb. Bunun da nəticəsində böyük fərqlə qalib gəlib. Suyatullanma üzrə yarışlarda Azərbaycan millisi İslamiadada növbəti medalını qazanıb. Bu uğura qadınların 10 metrlik platformadan tullanma yarışında Olqa Bıkovskaya imza atıb.Bu növdə ölkəmiz daha bir medal qazanıb. İdmançılarımız 3 metrlik tramplindən sinxron tullanmaqda fərqlənib. Artyom Danilov və Dmitri Sorokin cütlüyü yarışı bürünc medalla başa vurub.Oyunların para atletika növündə Yelena Çebanu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu onun İslamiadada ikinci “qızıl”ı olub. Üç gün əvvəl 100 metr məsafəyə qaçışda finişə hamıdan öndə çatan Çebanu bu dəfə 200 metr məsafəni birinci qət edib.Azərbaycan yığmasına növbəti medalları tennisçilər qazandırıb. Qadın təmsilçilərimiz stolüstü tennis yarışlarını ilk “üçlük”də başa vurublar. Jinq Ninq millimizin aktivinə gümüş, Miao Vanq isə bürünc medal yazdırıb.
Beləliklə, Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb. Yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib. Bununla da ümumi medal 124-ə çatıb. Bu mükafatların 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdü. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.
Azad Rəfi
- Baxış: 393