• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 19.05.2017 12:49

İdmançılarımız daha 17 medal qazandı

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə 17 medal qazanıb. İdmançılarımız 9 qızıl, 4 gümüş və 4 bürünc medal əldə ediblər. Boks yarışlarında Cavid Çələbiyev, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, paraatletikada Nurlan İbrahimov, yunan-Roma güləşində Kamran Məmmədov, Elvin Mürsəliyev, İslam Abbasov, taekvondoda Ramin Əzizov və qadınlardan ibarət voleybol yığması qızıl medal qazanıb.

BOKS

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarışlara yekun vurulub. Azərbaycan boksçuları ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Cavid Çələbiyev fəxri kürsünün ilk pilləsində yer alıb. İdmançı 60 kq çəki dərəcəsində birinci yerə layiq görülüb.

Teymur Məmmədov da islamiadanın qalibi olub. Təmsilçimiz 91 kq çəkidə bütün rəqiblərini üstələyib.

Digər qızıl medalı isə komandamıza Məhəmmədrəsul Məcidov qazandırıb. 91 kq-dan yuxarı çəkidə çıxış edən ikiqat dünya çempionu həlledici qarşılaşmada suriyalı idmançısını məğlub edərək bu uğura imza atıb.

Tamerlan Abdullayev islamiadada gümüş medal  kifayətlənib. 69 kq çəkidə vuruşan Abdullayev finalda özbək rəqibinə uduzaraq ikinci olub.

Yalnız həlledici görüşdə yenilməklə oyunları gümüş mükafatla tamamlayan digər dəri əlcək ustamız Kamran Şahsuvarlıdı. 75 kq-da ölkəmizi təmsil edən boksçu hakimlərin qərarına əsasən rinqi məğlub tərk edib.

81 kq-da rinqə çıxan Rauf Rəhimov da gümüş mükafata yiyələnib. O, finalda türkmənistanlı həmkarına uduzub. 

Ölkəmizə yeganə bürünc medalı  Tayfur Əliyev qazandırıb. Əliyev 4-cü islam həmrəyliyi oyunlarını 56 kq çəki dərəcəsində üçüncü sırada başa vurub.

 

GÜLƏŞ

İslamiadada yunan-Roma güləşi mübarizələri də sona çatıb.  Klassiklər növbəti gündə bütün çəkilərdə medal qazanmağı  bacarıblar.

Millimizin üzvü İslam Abbasov medal kolleksiyasına İslam Oyunlarının qızıl medalını əlavə edib. Abbasov 85 kq çəkidə baş mükafata sahib çıxıb.

75 kq-da xalça üzərinə çıxan Elvin Mürsəliyev də Abbasov kimi İslamiadanın qalibi adını qazanıb. O, finalda türkiyə güləşçisinin kürəyini yer vurub.  

Kamran Məmmədov da qızıl medalçılar sırasına düşüb. Pəhləvan 66 kq çəki dərəcəsində ilk pilləni heç kimə güzəştə getməyib.

Bürünc medala isə Sabah Şəriəti sahib olub. O 130 kq-da fərqlənib.  Bununla da yunan-Roma güləşçilərimiz oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla tamamlayıblar. 

 

TAEKVANDO

Azərbaycan taekvondoçuları isə "Bakı 2017" İslam Həmrəylik Oyunlarının bu idman növü üzrə yarışların son günündə iki medalla yadda qalıblar. Ən yaxşı nəticəni Ramin Əzizov əldə edib. Tatami ustası 87 kq-da qızıl medala yiyələnib.

Daha bir medalı isə Məhəmməd Məmmədov millimizin aktivinə yazdırıb. İdmançı 63 kq-da üçüncü yerə çıxıb.

Beləliklə taekvandoçularımız 6 qızıl, 2 gümüş və 1 bürünc mükafatla yarışları 9 medalla başa vurublar.

SUYATULLANMA

Oyunlarda suya tullanma növündə iştirak edən təmsilçimiz Dmitri Sorokin bürünc medal qazanıb. Sorokin 3 metrlik tramplindən tullanmada mükafatçılar sırasına düşüb. Bu, Azərbaycanın suya tullanma növündə ilk medalıdı. 

 

PARA- ATLETİKA

Para atletika üzrə Azərbaycan yığması da IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir. Atletlərimiz bir növdə iki medal əldə ediblər. Belə ki, 100 metr məsafəyə qaçışda Nurlan İbrahimov finişə hamıdan öndə çatıb.

 

İbrahimovun komanda yoldaşı Elçin Muradov isə gümüş medalı boynundan asdırıb.

 

VOLEYBOL

Qadın voleybolçulardan ibarət millimiz IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv finalda Türkiyə yığmasını 3:1 hesabıyla məğlub edib. Bakı Kristal Zalında keçirilən həlledici görüşdə "ay-ulduzlular" yalnız ikinci seti qalib kimi başa vurublar. Qalan setlərdə üstün oyun sərgiləyən Azərbaycan millisi yekunda İslamiadanı qızıl medalla tamamlayıb. 

FUTBOL

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə "Bakı 2017"-də finala yüksəlib. Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv yarımfinalda Əlcəzair yığmasını 2:0 hesabı ilə məğlub edib. "Dalğa Arena"da baş tutan görüşdə yığmamızın ilk qolunu 39-cu dəqiqədə Ruslan Abışov vurub. Digər qol 57-ci dəqiqəyə təsadüf edib. Məqsəd İsayev dəqiq zərbəylə yekun hesabı təyin edib. Seçmə komandamız finalda Omanla görüşəcək.  

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə 17 medal qazanan Azərbaycan millisinin İslamiadada əldə etdiyi medal sayı 116-ya çatıb. Təmsilçilərimiz 59 qızıl, 33 gümüş və 24 bürünc mukafata sahib olub. Komandamız bu göstərici ilə ümumi hesabda ikinci pillədə qalıb. Azərbaycan yığması yalnız Türkiyədən geridədi. Ümumilikdə isə 7 gün ərzində 199 dəst medal sahibini tapıb. Bu mükafatları 34 ölkədən olan idmançılar qazanıb. Çempionluq sevincini isə 23 yığma üzvləri yaşayıb.

 

Orxan Cəfərzadə