Paytaxt polisi iki cinayətdə adı hallanan iki şəxsi saxlayıb. Zərərçəkmişlərdən birinin boğazına ip keçirən şəxslərin indi əlləri qandala keçib.
Bakı şəhər sakini Rancit Hüseynov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 12 may 2017-ci il tarixində tanımadığı iki nəfər taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək onları Binə qəsəbəsinə aparmağı istəyiblər. Qeyd edilən ünvana çatdıqda isə həmin şəxslər taksi sürücüsünün boynuna ip keçirib, hədə-qorxu gələrək pul tələb ediblər. Xəzər RPİ və 2-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Rancit Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov və Şərur rayon sakini Hüseyn Səfərzadə tutulublar.
Rancit Hüseynov dələduzların zərər verdiyi yeganə şəxs deyil, onlar analoji əməli Asim Məmmədov adlı şəxsin başına da gətiriblər.
Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər RPİ-yə müraciət edə bilərlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 435