İslamiadanın növbəti günü cüdo yarışlarında fərdi mübarizələrə yekun vurulub. Oyunlarda ölkəmizi kişilər arasında 90 kq çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev qızıl medal qazanıb. Tatami ustası finalda əlcəzairli rəqibini 2 dəqiqə 46 saniyəyə ippona salaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
100 kq-da isə həlledici görüşdə Azərbaycan dueli baş tutub. Eyni çəkidə mübarizə aparan Elxan Məmmədov - Elmar Qasımov duelindən Məmmədov qalib ayrılıb. Bununla da Avropa və dünya çempionumuz İslam Oyunlarının medalını da kolleksiyasına əlavə edib.
Zəriflər arasında İrina Kindzerska isə mötəbər yarışı gümüş medalla tamamlayıb. 78 kq + güləşən Kindzerska yalnız finalda türkiyəli rəqibinə uduzaraq ikinciliklə kifayətlənib.
Beləliklə, Azərbaycan cüdo millisi İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vuraraq, komanda hesabında 1-ci olub.
İslam Oyunlarında paracüdo yarışları da sona çatıb. Bu idman növünün növbəti günü milli komandamız 2 qızıl, 2 gümüş, 3 bürünc medal yadda qalıb. Yığmamızın üzvü Ramil Qasımov uğurlu çıxış edərək mötəbər yarışda da qızıl medalı boynundan asıb. 73 kq çəki dərəcəsində güləşən Rio Paralimpiya Oyunlarının qalibi finalda özbəkistanlı Feruz Sayidovu yenərək “Bakı-2017”nin qalibi adını qazanıb. Paracüdoçular İslamiadanı 4 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurublar.
IV İslam Həmrəyliyi Oyunlarında karateçilərimiz daha 5 medala yiyələniblər. Mükafatlardan 2-si qızıl, 2-si gümüş, 1-i isə bürünc olub.
Kişilərin mübarizəsində kumite yarışlarında 84 kq-da Ayxan Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu, kata növündə isə Roman Heydərov həlledici qarşılaşmada yenə Türkiyədən olan həmkarı Mehmet Yakanı üstələyərək millimizin aktivini qızıl medal yazdırıb. Digər qızıl medala qadınlar arasında 68 kq-da döyüşən İrina Zaretska sahib çıxıb. Zaraetska da türk rəqibindən güclü olaraq birinci yerə layiq görülüb.
Gümüş mükafata finalda bəxti gətirməyən xanım karateçimiz Fəridə Əliyeva yiyələnib.
Fəridə +68 ikinci olub. +84 kq yarışan Asiman Qurbanlı isə bürünc medal qazanıb. O, kata növündə üçüncü yerə çıxıb.
Ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc medal əldə edən millimiz islamiadanı 10 medalla bitirib.
IV İslam Həmrəyliyi oyunlarında boks yarışlarında daha 3 idmançımız rinqə çıxıb. Onların hər üçü rəqiblərini üstələməyi bacarıb.
İlk olaraq mübarizəyə qoşulan 69 kq-da Tamerlan Abdullayev 1/8 finalda türkmənistanlı idmançını yenərək növbəti mərhələyə adlayıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ¼ finalda türkiyəli dəri əlcək ustasıyla üz-üzə gəlib. Görüş dünya çempionumuzun asan qələbəsi ilə yekunlaşıb.
91 kq-da döyüşən Teymur Məmmədov da debüt görüşünə çıxıb. London Olimpiadasının bürünc medalçısı 1/4 finalda Özbəkistan boksçusuyla qarşılaşıb. Görüş Məmmədovun qələbəsi ilə bitib.
"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışları başa çatıb. Finalda Türkiyəylə üz-üzə gələn Azərbaycan yığması 28:26 hesabı ilə qalib gələrək İslamiadanın qızıl medallarını qazanıb. Komandamızın heyətində ən çox - 8 qolu Alla Çernışkova vurub. Bürünc medala isə Özbəkistanı 41:25 hesabı ilə məğlub edən Kamerun yığması yiyələnib.
IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir. Qadınlardan ibarət millimiz dünən növbəti görüşünü keçirib. İlk iki oyunda Qırğızıstan və Tacikistan üzərində rahat qələbə qazanan yığmamızın budəfəki rəqibi oyunların favoritlərindən sayılan Türkiyə millisi olub. Faiq Qarayevin yetirmələri qonşu ölkə seçməsini quru hesabla – 3:0 məğlub etməklə qrup lideri yarımfinala yüksəlib.
Oyunların növbəti idmansevərləri ən çox bədii gimnastlar sevindirib. Zəriflər halqa, top, gürz və lentlə hərəkətlərdə yığmamızın aktivinə 7 medal yazdırıblar.
Bununla da, Marina Durunda 2 qızıl, 2 gümüş, Jalə Piriyeva 1 qızıl, 1 gümüş, 1 bürünc mükafatla İslamiadanı tamamlayıb.
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb.
Tərkibi Yuliya İnşina, Marina Nekrasova və Yekaterina Tişkovadan ibarət heyət sərbəst hərəkətlər və gimnastika tirində çıxışlarını yüksək nəticələrlə başa vurublar.
Dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda ötən gün əldə etdiyi nəticələr də nəzərə alınmaqla, Azərbaycan 99,300 xalla 1-ci yeri tutub.
Bu növdə kişilərdən ibarət komandamız isə gümüş medala sahib olub. Bençe Talas, Murad Ağarzayev və Timur Bayramovdan ibarət heyət dayaqla tullanma, turnik və dəstəli atla çıxışlarda 161,700 xal toplayaraq 2-ci yeri tutub.
Oyunların ikinci günü Azərbaycan idmançısı Ruslan Lunyov ikinci qızıl medalını qazanıb. O, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi olub. Türkiyə idmançısı Murad Kılıç gümüş, Oman atıcısı Səid Əl Haşimi isə bürünc mükafata yiyələnib.
Oyunlarında Azərbaycan üzgüçülük növündə ilk medalına sahib çıxıb. Bu mükafatı Maksim Şemberev millimizə qazandırıb. Kişilər arasında 1500 metr məsafəyə sərbəst üzmədə Şemberev 15 dəqiqə 7,29 saniyə nəticə ilə birinci yeri tutub. İndoneziyalı idmançı gümüş, Türkiyə t’msilçisi bürünc medal əldə edib.
IV İslam Həmrəyliyi Oyunlarında üçüncü gün keçirilən mübarizələrdən sonra Azərbaycan yenə medal sıralamasında liderdi. Yığmamız növbəti günü daha çox medal – 28 mükafat əldə edib. Medalların əyarı 14-ü qızıl, 8-i gümüş və 6 bürünc olub. Bununla da ümumi medallarımızın sayı 50-yə çatıb. Mükafatlardan 24-ü qızıl, 17-si gümüş, 9-u bürüncdü. Ümumilikdə isə yarışın 3-cü günündə 39 dəst medal sahibini tapıb. Arxada qalan müddətdə isə 69 dəst mükafatçı müəyyənləşib. Qeyd edək ki, 24 ölkə medal qazanmağı bacarıb. Çempionluq sevincini yaşayan ölkələrin sayı isə 13-dü.
Orxan Cəfərzadə
- Baxış: 353