• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 13.05.2017 13:40

İslamiadanın açılış mərasimi Gəncədə böyük maraqla qarşılanıb

KepezTV Player

İslamiadanın açılış mərasimi bölgələrdə də böyük marağa səbəb olub. Gəncə sakinləri və şəhərin qonaqları ictimai yerlərə toplaşaraq möhtəşəm tədbiri mavi ekranlardan izləyib.

Bakıda açılışı baş tutan 4-cü İslam Həmrəyliyi oyunlarını öz evlərində izləyənlərlə yanaşı, bu idman tədbirinə çay evləri və istirahət məkanlarında baxanlar da çoxluq təşkil edib. Kadrlar Gəncədəki park bulvar kompleksindəki gənclərin istirahət və əyləncə məkanında lentə alınıb. Açılış mərasimi şəhərin idman ictimaiyyəti, sakinləri ilə yanaşı Gəncədə qonaq olan əcnəbilərə də xoş anlar yaşadıb. 

Sərtac Akın- Türkiyə vətəndaşı: "Birlikdə İslam Həmrəyliyi oyunlarının açılışını izlədik. Böyük zövq aldım. Əvvəllər də idman yarışlarının açılışlarını izləmişdim, amma bu ən gözəlidir. Gəncədə olan Su festivalını da izləmişdim və çox xoşuma gəlib. Sizi bu möhtəşəm açılış münasibəti ilə təbrik edirəm".  

Nurşid Benik- Türkiyə vətəndaşı: "İslam Həmrəyliyi Oyunları  sülh, qardaşlıq, dostluq, sevgi  adı altında ölkələri birləşdirir. Bu yarışda 54 ölkədən 3 mindən çox idmançı iştirak edir və bizim ölkə də bu yarışa qatılıb. Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyədə İstanbulda keçiriləcək. Onu da izləməyi çox arzu edirəm.  Ən əsası odur ki, güclü olanlar qalib gəlsin". 

Maraqlı və rəngarəng görüntülər mərasimi izləyən yeniyetmələrin də marağına səbəb olub.

Nurvin Məmmədov- məktəbli: "Azərbaycan bundan əvvəl Bakı 2015 Avropa Oyunlarına, Şahmat Olimpiadasına ev sahibliyi edib. Qranpiri turnirləri də keçirilib. İndi isə İslam Həmrəyliyi Oyunları keçirilir, bu açılışa baxırıq. Bu həqiqətən çox möhtəşəmdir".

Çingiz Məmmədov- futbolçu: "İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi məni bir futbolçu kimi çox sevindirir. Mən də gələcəkdə ölkəmizi bu cür beynəlxalq tədbirlərdə təmsil etmək üçün çox çalışacam". 

Səməndər Hüseynov- məktəbli: "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Mən də idmançıyam və gələcəkdə bu cür yarışlarda bayrağımızı qaldırmaq istəyirəm. Azərbaycan idmançılarına uğurlar arzu edirəm. Ən çox medalı biz qazanaq".

Möhtəşəm və yaddaqalan açılış mərasimini sonadək həyəcanla izləyənlər islam dünyasının bir parçası olan Azərbaycanın idman ölkəsi kimi dünyaya səs salmasından qürurlandıqlarını gizlətməyiblər.

Xaliq Qurbanlı