Son illər ölkədə pambıqçılığa maraq xeyli artıb. Goranboy rayonunda tarixi ənənələri özünə qaytarmaq üçün ağ qızıl sahələri ilbəil genişləndirilir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan fermerlərin yeganə problemi suvarmaya olan ehtiyacın tam ödənilməməsidir.
Goranboy rayonunun Səfikürd kənd sakini Mobil Qəmbərov artıq 5 ildir müxtəlif şəxslərə məxsus pay torpaqlarını icarəyə götürərək məhsul becərir. Təkcə ötən il 23 hektar sahədə pambıq, çuğundur, taxıl və digər tərəvəz məhsulları əkən fermer suvarmaya olan ehtiyacın qarşılanmadığını deyir. Bu üzdən də çəkdiyi əziyyət hədər gedir.
Mobil Qəmbərov- təsərrüfat sahibi: “Birinci müavin Elçin müəllimin qəbulunda olmuşam. Hər dəfə deyir veriləcək. Aprel ayının 5-dən deyir veriləcək. Zəng edirəm telefonuna, bu gün veriləcək, sabah veriləcək. Verən yoxdur. Su başımın üstündən gedir, yanımda yonca sahələri suvarılıb. Ancaq pambığa su verən yoxdur. Bizim rayonda hər şeyi əksinə edirlər”.
Goranboyda Mobil Qəmbərov kimi digər kənd zəhmətkeşləri də əkin sahələrinin normal su ilə təchiz olunmamasından şikayətçidirlər.
Dilşad Quliyev- sakin: “Bizim dərdimiz sudur. Ağ suyu da biz pulla alırıq. Əkini sulamaq üçün də pulla su alırıq, özü də baha qiymətə. Çətindir çox çətindir. Bizim dərdimiz çəkiləsi deyil”.
Mobil Qəmbərov- təsərrüfat sahibi: “Aprel ayının 5-dən basdırdığım çiyid yerdə də bu şəkildə qalıb. Su olmadığından belə olur”.
Təsərrüfatçıların iddiasına görə, onlardan sahələrin suvarılması üçün 2-3 qat çox pul tələb olunur.
Mobil Qəmbərov- təsərrüfat sahibi: “Bir dənə çek verilmir. Ötən il də mən çek tələb etdim. Çeklə aparım banka pulumu keçirim, su alım söhbəti yoxdur. Hektarına çöldən çölə pul verirlər. Dövlət bizə bir hektar sahəni suvarmaq üçün 10 manat verir. Bank 3 dəfə suvarmaq üçün verir. Ancaq bunlar bizdən bir dəfəyə suvarmaq üçün 20- 30 manat pul istəyirlər. Verməsən də su yoxdur. Sahələr də bax beləcə yanır”.
Suvarma ilə bağlı yaranan problemlə Səfikürd kənd icra nümayəndəsi Eldəniz Həsənəliyev qismən razıdır və yaxın 5 gün ərzində növbəlilik əsasında bütün sahələrin suvarılacağına söz verir.
Eldəniz Həsənəliyev- Səfikürd kənd icra nümayəndəsi: “Bizdə, məsələn, 300 hektara 350 hektar arpa, 206 hektar pambıq, 25 hektar çuğundur, kartof, 200 hektar yonca əkini aparılıb. Yəni eyni vaxtda bunun hamısını başa çatdırmaq mümkün deyil. Bu həftə ərzində hamısı yekunlaşacaq”.
O ki qaldı su üçün tələb edilən əlavə vəsaitə...
Ramiz Süleymanov- Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: “Bu haqda mənim məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm. Ancaq su birliyindən araşdıracağıq. Görək ora nə qədər su verib və nə qədər pul ödənilib”.
Yaranan problemin tezliklə həlli təsərrüfatçıları aydınlığa çıxartmaqla məhsul bolluğuna səbəb olacaq ki, bu da istehlakçıların ucuz qiymətə kənd təsərrüfatı məhsullarından yararlanması deməkdir.
Natiq Hüseyn
- Baxış: 1353