• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 01.05.2017 14:19

“Kəpəz” çempionatı qələbə ilə başa vurdu

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə yekun vurulub. XXVIII turun son oyununda “Kəpəz” Gəncə şəhər stadionunda “İnter”i qəbul edib. Maraqlı və güzəştsiz mübarizə şəraitində keçən görüş “sarı-göylər”in minimal hesablı qələbəsi ilə nəticələnib. Oyunun yeganə qolunu 50-ci dəqiqədə Dario Frederiko vurub. Bu nəticə ilə xallarının sayını 36-ya çatdıran “Kəpəz” çempionatı beşinci pillədə başa vurub.

“Kəpəz” – “İnter” matçından sonra Gəncə klubunun üzvləri azarkeşlərlə sağollaşıb. Futbolçular heyəti, məşqçilər korpusu və klub rəhbərliyi meydançanın mərkəzində toplaşıb. 

Komandanın baş məşqçi Şahin Diniyev, kapitan Tural Axundov, qapıçı Davud Kərimi, yarımmüdafiəçi Serjio Karneyro, eləcə də klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimov mövsüm boyu hərtərəfli dəstəyə görə azarkeşlərə və şəhər rəhbərliyinə minnətdarlıq edib. 

Fanatlar gur alqışlarla və “Kəpəz, “Kəpəz” sədaları ilə komandanı tunelə yola salıblar. 

Qeyd edək ki, hissələrarası fasilədə tamaşaçılar üçün stadionda qısa konsert də təşkil olunub. 

Şahin Diniyev- “Kəpəz”in baş məşqçisi: “Oyun olduqca gərgin keçdi. Birinci hissəyə biz köklənə bilmədik. Mövsümün ən pis ilk yarısını keçirdik. Uşaqlar son oyun idi deyə arxayınlaşmışdılar. Fasilədən sonraya əvəzetmə ilə başlayıb matçın taleyini dəyişməyə çalışdıq. Mənə elə gəlir ki, “Kəpəz” artıq püxtələşib, nəticəyə oynaya biləcək bir komandaya çevrilib. Məni sevindirən müdafiədə etibarlı oyunumuzdur. Əlimizə düşən imkanlardan yalnız birindən istifadə edə bildik. İkinci hissədə bir neçə qol vura bilərdik. “İnter”in də motivasiyası böyük idi, qalib gəlmək üçün səfərə gəlmişdilər. Çempionatın son matçında da azarkeşləri sevindirmək istədik, ola bilər ki, oyun baxımından mükəmməl olmadıq. Amma nəticə qazandıq. Hardasa nəticəyə görə komanda məqsədinə çatdı, ötən mövsüm olduğu kimi beşinci yeri tutduq. Gələn mövsüm daha yaxşı çıxış etməyə çalışacağıq. Bizi daim dəstəkləyən azarkeşlərə minnətdarıq”.   

Şəhriyar Rəhimov “Kəpəz”in futbolçusu: “Mövsümün sonuncu oyunu olduğundan və xüsüsən də azarkeşlərimiz önündə oynayırdıq deyə qələbə qazanmaqla onları sevindirmək istəyirdik. Çempionatı da beşinci yerdə başa vurmaq məqsədimiz idi. Bu istəyimizə nail olduq, amma Avroliqaya vəsiqə qazana bilmədik. Qismət belə oldu”.

Azad Rəfi