Litva 3 Baltikyanı ölkədən biridir. 2.854.642 nəfər əhali ilə dünyada 137-ci yerdədir. Rəsmi dili Litva, paytaxtı isə Vilnüs, pul vahidi litdir. 2015-ci ildən avrodan istifadə edir.
Vilnüs
Paytaxtın adı Vilnya çayından götürülüb. Bu söz Litva dilində dalğalanma mənasına gəlir. Vilnüs də çətin tarixi proseslərdən keçib. Şəhərin arxitekturasında keçmiş və gələcəyin birliyi hiss olunur. Ölkə müstəqillik qazandıqdan sonra tarixi abidələr bərpa olunub, qədimilik qorunularaq yeni abidələr tikilib. Şəhərin Old Town (Qədim Şəhər) adlandırılan hissəsi 1994-cü ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Qədim şəhər heç də muzey xaraketi daşımır, binalarda yaşayış davam edir və o canlılığını qoruyur. Vilnüsün New City Center adı verilən hissəsi isə gecə həyatını sevənlər üçün bənzərsizdir. Gənclər vaxtlarının çoxunu şəhərin bu hissəsində keçirirlər.
Kaunas
Litvanın keçmiş paytaxtı olan Kaunas ölkənin ikinci böyük şəhərdir. Universitetlər çox olduğundan şəhəri gənclər paytaxtı da adlandırırlar. Erasmus proqramı ilə oxumağa gələn xarici tələbələrin də sevimli şəhəri Kaunasdır. 19-cu əsrdə inşa edilən Kaunas qəsrinin drammatik bir keçmişi var. Tikili inşa edildiyi dövrdən dəfələrlə işğal altında olub.
Kəhrəba
Baltik dənizi sahilində yerləşən ölkələrdə kəhrəba ticarəti geniş yayılıb, Litvada da həmçinin. Bu ölkəyə səfər etdikdə yaxınlarınız üçün hədiyyə almaq istəsəniz, sizə kəhrəbanı məsləhət görəcəklər. Yox əgər siz hədiyyə almaq yerinə, kəhrəbalar haqqında məlumat almaq istəyirsinizsə, Palnaqaya üz tuta bilərsiniz. Burada kəhrəbaların sərgiləndiyi muzey yerləşir. Yerli sakinlərə görə şəhərdə kəhrəbanın çox olmasının mifoloji səbəbi var. Əfsanəyə görə Baltik dənizinin dibində kəhrəbadan sarayı olan bir ilahə yaşayıb. İlahə tanrıların qəzəbinə tuş gəldiyindən onun sarayını darmadağın ediblər. Bu gün də tapılan kəhrəbalar sarayın qalıqlarıdır.
Soyuq borş
İsti yeməyə öyrəşdiyimiz borşu litvalılar soyuq yeyirlər. Onlar üçün bu yemək yayda qəbul edilən ən ləziz təamdır. Çuğundur, xiyar, şüyüd, göy soğan və qatıq əlavə olunaraq hazırlanan şorba çörək əvəzinə soyutma kartofla yeyilir.
Xaçlar dağı
Litvalılar arasında Şaulyay şəhərinin yaxınlığında yerləşən bu qeyri-adi məkanın yaranması haqqında müxtəlif əfsanələr gəzir. Deyilənə görə, Xaçlar dağının əsası 14-cü əsrdə qoyulub. Xalq vətən uğrunda döyüşən qəhrəmanlarının şərəfinə bura xaçlar basdırmağa başlayıb. Ötən əsrin 70-ci illərində SSRİ höküməti dağı 3 dəfə dağıtsa da, litvalılar yenidən təpəyə xaç yerləşdirməkdən əl çəkməyiblər. Bununla da Xaçlar dağı həm katoliklərin, həm də vətənpərvər litvalıların mübarizə simvoluna çevrilib. Bu gün Xaçlar dağında 100 mindən çox xaç var. Qonşu ölkələrdən belə Şaulyaya gəlib, Xaç dağını ziyarət edənlər var.
- Baxış: 3758