Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin növbəti dayanacağı Göygöldən sonra aprelin 21-də Şəmkir olub. Boks üzrə əməkdar məşqçi Ramiz Yusifov, sərbəst güləş üzrə Avropa və Olimpiya turnirinin mükafatçısı Elçin Həsənov, şahmat və güləş həvəskarı, Murad Namazov “Bakı-2017”nin misdən hazırlanmış su qabını Şəmkir su anbarında su ilə doldurublar.
Eyni gündə Şəmkir Olimpiya İdman Kompleksində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş proqram çərçivəsində regional idman tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər bu Oyunların ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar.
İslamiadanın təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.
Azad Rəfi
- Baxış: 498