Şəmkirdə çuğundur əkininə maraq artıb. Ötən il rayonun yalnız Çeyrançöl ərazisində əkin aparıldığı halda cari ildə 20 kənddə çuğundur sahələri yaradılıb. Mütəxəssislər məhsulun bol olacağını proqnozlaşdırır.
Şəmkir sakini Emin Əliyev uzun müddətdir təsərrüfatla məşğul olur. Ötən ilə qədər fərdi təsərrüfatında yalnız dənli bitkilərinin əkini ilə məşğul olan fermer bu mövsüm ilkə imza atıb. Belə o 38 hektarda çuğundur əkininə başlayıb. Artıq 20 hektar sahədə əkin başa çatıb. Hətta ilkin suvarma da reallaşıb. Hazırda daha 18 hektar sahədə səpin aparılır. Fermer deyir ki aqrotexniki qaydalara əməl olunarsa məhsul bol olacaq.
Emin Əliyev- fermer: “Öz təsərrüfatımda əkin aparıram. Ən azı hər hektardan 70 ton məhsul götürəcəm. Alıcımız da var”.
Ötən il Şəmkir rayonunda 670 hektar sahədə çuğundur əkilib. Hər hektardan minimum 50 ton məhsul götürülüb. Əldə olunan çuğundur isə bir qayda olaraq tonu 62 manatdan İmişli Şəkər Zavoduna satılıb.
Kamil Yusifov- Şəmkir rayon kənd təsərrüfatı idarəsinin rəisi: “Şəmkirin 20 kəndində 692 hektar sahədə çuğundur əkilib. Nəzərdə tutulub ki, bu sahələr 2000 hektara çatdırılsın. Bunun kifayət qədər imkanı var. Alıcı sarıdan da heç bir problem yoxdur.
Mütəxəssislər proqnozların özünü doğrultması üçün aqrotexniki qaydalara əməl edilməsini və texniki təminatı vacib sayır.
Natiq Hüseyn
- Baxış: 663