Gəncənin Məhsəti qəsəbəsinin sakinləri əhalinin profilaktik tibbi müayinəsi çərçivəsində həkim baxışından keçirilib. Gəncə şəhər 5 saylı poliklinikanın həkim briqadası 2 gün müddətinə qəsəbə sakinlərinin sağlamlıq vəziyyətini yoxlayıb. Kardioloq, terapevt, uroloq, ginekoloq və göz həkimi müayinəsindən keçən 1000-ə yaxın vətəndaşdan, xəstəlik aşkar olunan 50 nəfəri stasionar müalicəyə cəlb olunub. Ümumilikdə tibbi aksiya başlayandan bu günədək 5 saylı poliklinika üzrə 7162 nəfər müayinə olunub, onlardan 82 nəfəri Gəncədə yerləşən xəstəxanalarda stasionar, 402 nəfəri isə ambulator müalicəyə göstəriş alıb. Xəstəlik aşkar olunan 4 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib.
Xuraman Əliyeva- Gəncə şəhər 5 saylı poliklinikanın həkimi: “Müalicəyə göndərdiyimiz xəstələrə ən çox hipertoniya, yuxarı tənəfüs yollarının iltihabı, xroniki bionifritin kəskinləşməsi diaqnozu qoyulub”.
Məstan Qasımov- qəsəbə sakini: “Mənim gözümdən şikayətim var idi. Mənim gözümü yoxladılar, sağ olsunlar müalicə yazdılar. Mən indi onların yazdığı dərman əsasında müalicəyə başlayacam”.
Rəqiyyə İsgəndərova- qəsəbə sakini: “Şikayətim təzyiqdən, bundan başqa boynumda duzlaşma gedir, ağrılarım çoxdur. Yoxladılar, müayinədən keçirdilər, həkimlər sağ olsun resept yazdılar, müalicəyə başlayacam”.
Elton Cabbarlı
- Baxış: 877