Volvo avtomobil, yük maşını, dənizçilikdə istifadə olunan cihazları hazırlayan böyük bir konserndir. Şirkət avtomobil istehsal etmək məqsədi ilə Assar Qabrielsson və Qustav Larson tərəfindən İsveçin Hötebörq şəhərində qurulub. Şirkət yarandığı ilk vaxtlarda xüsusi nəqliyyat vasitələri hazırlayırdı. Assarın həyat yoldaşının avtomobil qəzasında vəfat etməsi ilə hər şey dəyişdi. Təsisçilər insanlar üçün təhlükəsiz avtomobil istehsal etməyi qarşılarına məqsəd qoydular. Beləliklə, 1927-ci ildə ilk Volvo avtomobili hazırlanaraq bazara təqdim olundu. Şirkət ilk ildə 297 avtomobil istehsal etdi. “Seriya 1” adı verilən Volvo yük maşını isə 1928-ci ildə sürücülərin ixtiyarına verildi.
İlk uğurlar
Avtomobil istehsalçısı iki il ərzində hazırladığı maşınlarla diqqəti cəlb etməyi bacarır. Avtomobillərin beynəlxalq arenada məşhurluq qazanması isə 2-ci Dünya Müharibəsindən sonrakı illərə təsadüf edir. Volvo təkcə minik və yük maşınları hazırlamırdı, gəmi mühərrikləri istehsalı sahəsində də yeniliklərə imza atırdı. Şirkət 1929-cu ildə istehsal etdiyi ilk belə mühərrik olan U-21-i bazara çıxartdı. 1940-cı illərdən başlayaraq isə təyyarə mühərriklərini də hazırlamağa başladı.
90-cı illərdə daha çox yük maşını istehsalına maraq göstərən Volvo 1999-cu ildə minik avtomobilləri bölməsini 6,55 milyard dollara Ford Motor Company-ə satır. Ardınca isə Volvo səhmlərinin 20 faizi Renaulta verilir. Bununla da Renault Volvo qrupda ən böyük paya malik şirkətə çevrilir. Volvo özü isə Nissan Dieselin səhmlərinin bir qismini alır.
Şirkətin loqosu
Konsern yarandığı vaxtdan indiyədək loqosunu bir neçə dəfə yeniləyib. Volvo avtomobilləri indiyədək üç müxtəlif emblemlə buraxılıb. Hazırkı loqo oxlu dairə və içərisində “Volvo” yazısından ibarətdir. Mifologiyaya əsaslanaraq hazırlanan emblem döyüş tanrısını təsvir edir.
Avtomobillərdə təhlükəsizlik
Hazırda bütün avtomobil istehsalçıları maşınların maksimum təhlükəsiz olmasına çalışır. Volvo şirkəti isə bunu uzun illər əvvəl edib. Hətta maşın dizayn olunduqda onun xarici görkəmindən çox, təhlükəsizliyinə diqqət yetirilirdi. Avtomobillərdə ilk təhlükəsizlik kəmərini də məhz Volvo tətbiq edib. Ötən əsrin 40-cı illərindən başlayaraq maşınlara donmaya qarşı şüşələr, yumşaq materialdan hazırlanan ön panel, uşaqlar üçün xüsusi oturacaqlar əlavə olunub.
Yaşamaq üçün Volvo
Volvolar 80-90-cı illərdə təhlükəsizlik baxımından məşhurluq qazansa da, bəzi avtomobil sevənlər tərəfindən bəyənilmirdi. Bunun da səbəbi bu maşınların qutu kimi olmaları idi. Onlar hesab edirdilər ki, sərt kənar xətlər avtomobilin xarici görünüşünə mənfi təsir edir. Şirkət rəsmiləri bu fikirləri nəzərə alaraq 90-cı illərdə maşınların kənarlarını dairəvi hala salmağa başladılar. Beləliklə də Volvolar daha zərif görünüş əldə etdi. 2000-ci illərdə isə şirkət yenidən avtomobillərin kənar xətlərini qabartmağa başladılar. Hazırda şirkətin devizi “Yaşamaq üçün Volvo” olaraq qəbul edilib. Konsern 12 modelin istehsalını və bazarda öz yerini qorumağı davam etdirir.
- Baxış: 1116