• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 06.04.2017 15:26

ADAU-da yeni laboratoriya və İnnovasiya və İnkubasiya Mərkəzi istifadəyə verildi

KepezTV Player

Kənd təsərrüfatının inkişafı, ixtisaslı mütəxəssislərin hazırlanmasını vacib edir. Aqrar sahədə ölkənin kadr hazırlığı mərkəzi sayılan Azərbaycan Dövlət Aqrar Universitetində bu istiqamətdə maddi-texniki bazanın gücləndirilməsi davam edir. Bu gün istifadəyə verilən laboratoriya və İnnovasiya və İnkubasiya Mərkəzi də buna xidmət edir. 

Azərbaycan Dövlət Aqrar Universitetinin "Mühəndislik" fakültəsində "Meliorasiya və Hidrotexniki qurğular" laboratoriyasının açılışı olub. İki hissədən ibarət olan laboratoriyada istehsalatda olan meliorasiya suvarma sistemi qurulub. Onun vasitəsi ilə tələbələr əyani olaraq müxtəlif suvarma üsulları ilə tanış olacaqlar.

Mirnaib Mirsalahov- ADAU-nun Meliorasiya və Hidrotexniki qurğular kafedrasının müdiri: “İkinci hissə isə elmi-təhqiqat hissəsidir. Burada laboratoriyamız hələ elmə məlum olmayan şaquli istiqamətdə ferd-irriqasiya sistemi yaradıb. Bu qurğu üzümçülükdə, meyvəçilikdə, bitkilərin mövcud potensialından istifadə edərək, maksimum məhsul alınmasına xidmət edəcək”.

Yeni laboratoriyanın qurulmasında məqsəd tələbələrin nəzəri biliklərinin təcrübə ilə təkmilləşdirilməsidir.

Mətləb Alıyev- ADAU-nun tələbəsi: “Dövlətin diqqət ayırdığı prioritet sahələrindən biri də kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafında meliorasiya və su təsərrüfatının mühüm rolu var. Bu səbəbdən də bizim üçün laboratoriyalar hazırlanır və universitetin müəllimləri ixtisaslı kadrlar kimi yetişməyimiz üçün əllərindən gələni edirlər”.


Müşfiq Məmmədov- ADAU-nun tələbəsi: “Bu laboratoriyanın açılması bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dərsi nəzəri öyrəndikdə tam anlaya bilmirik, amma nəzəri biliklər təcrübə ilə birləşəndə dərs daha yaxşı mənimsənir. Bu isə bizim gələcəkdə ixtisaslı kadr kimi yetişməyimiz üçün olduqca vacibdir”.

"Mühəndislik" fakultəsində həmçinin Kənd Təsərrüfatı Texnikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri İnnovasiya və İnkubasiya Mərkəzinin açılışı olub. Mərkəz tələbələrin ideyalarının reallaşdırılaraq hazır məhsul halına gətirildiyi bir laboratoriya rolunu oynayacaq. Burada əsas iş alternativ enerji mənbələrindən istifadə yollarının tapılması istiqamətində aparılacaq.

Nazim Nadirov- ADAU-nun Kənd təsərrüfatı kafedrasının müdiri: “İlkin olaraq tələbələrin iştirakı ilə sadə günəş kollektorları quraşdırılacaq. Daha sonra onların vasitəsi ilə təhqiqat işləri aparılacaq. Bizim "Mühəndislik" fakültəsinin bütün tələbələrinin iştirakı burda vacibdir və onların hər biri burada iştirak edəcək”.

Qeyd olunan istiqamətdə lazımi işlərin həyata keçirilməsi üçün mərkəz bütün zəruri avadanlıqlarla təchiz olunub.

 

Gülnar Fazilqızı