Artıq Gəncə poçtamtında da itirilən sənədlərin tapılaraq sahibinə qaytarılması xidməti fəaliyyətdədir. İlkin nəticələr də var. 6 nəfərin itən sənədi tapılaraq sahiblərinə təhvil verilib.
Elşən Gəncəliyev- Gəncə Regional Poçt filialının müştəri xidmətləri şöbəsinin rəis müavini: “Bir neçə ay bundan əvvəl bir şəxs bizə yaxınlaşdı ki, şəxsiyyət vəsiqəmi itirmişəm. Biz də “Poçtap” vasitəsi ilə həmin şəxsin şəxsiyyət vəsiqəsini araşdırdıq gördük ki, həqiqətən də həmin sənəd bizdədir. Aidiyyəti olaraq həmin müştəriyə biz o sənədi təqdim elədik. Ümumiyyətlə, belə hallar tez-tez baş verir”.
Belə hal baş verdikdə isə müraciət edilməli ünvan poçt filiallarıdır. Gəncədə mərkəzi poçtla yanaşı, 22 şöbənin hamısına vətəndaşlar itən əşyalarının tapılması üçün müraciət edə bilər.
Tural İsgəndərov- Gəncə Regional Poçt filialının rəis müavini: “İtirilmiş sənədlərdən şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, doğum haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə eyni zamanda mülkiyyət haqqında olan sənədlərdir. İstisna hallar odur ki, bank plastik kartları qəbul edilmir, eyni zamanda qiymətli əşyalar da qəbul edilmir”.
İstənilən şəxs təsadüfən tapdığı sənədi poçt qutusuna ata və ya poçtamta təqdim edə bilər. Sənəd sahibi isə tapıldığı halda təyin olunan rüsumu ödəməlidir.
Tural İsgəndərov- Gəncə Regional Poçt filialının rəis müavini: “Əgər həmin şəxs poçt filialının özünə müraciət edərsə dövlət rüsumu ödənilir, həmin şəxs tərəfindən 1 manat 80 qəpik məbləğində. Əgər həmin vətəndaş digər şöbələrdə və yaxud da Bakı şəhərində, digər şəhər və rayonlarımızda müraciət edərsə həmin sənədin şəxsə çatdırılması 1 manat 80 qəpikdən əlavə olaraq çatdırılma xidmət haqqı da 2 manat 20 qəpik olmaqla ödənilir. Sonda sənədi əldə etmək 4 manat məbləğində başa gəlir”.
Tapılan sənəd poçtda 10 gün müddətinə saxlanılır. Əgər bu müddətdə sənədin sahibi tapılmazsa həmin sənəd aidiyyət üzrə həmin orqanlara təhvil verilir.
Fərid Mehdizadə
- Baxış: 516