Bu dəfəki dələduzun pullanmaq eşqi əlvan metallardan qaynaqlandı. Onun bu əməli bəzilərini susuz qoydu, bəzilərini də liftsiz.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əcəmi Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılıb. Onun ətrafında aparılan tədbirlərlə rayon ərazisində əlavə olaraq 8 mənzilin su sayğacını oğurlaması da müəyyən edilib. Zaur Nəsirov ilkin ifadəsi zamanı oğurladığı sayğacları Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətində yandırdığını və içərilərində olan misi Yasamal rayonu ərazisində metal qəbulu məntəqəsinə satdığını bildirib.
Əməliyyat tədbirinin davamı olaraq Zaur Nəsirovun oğurluq yolla əldə etdiyi misi satdığı metal qəbulu məntəqəsinin sahibi Laçın rayon sakini Rəfiqə Həşimova da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.
Zаur Nəsirovun Binəqədi rayonunda yerləşən binaların bir neçəsinin liftinin əyləc dolaqlarını oğurladığı da məlum olub. Onun məqsədi yenə də əlvan metal əldə edib satmaq olub.
Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 729