Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun təşkilatçılığı ilə baş tutan yarış milli qəhrəman Ənvər Arazov və aprel şəhidlərinin xatirəsinə həsr olunub. Yarışın startı açılış mərasimi ilə əlamətdar olub. Rəsmi hissədə çıxış edənlər milli qəhrəman Ənvər Arazovun döyüş yolunu xatırlıyaraq onun torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi şücaətdən danışıblar. Həmçinin ötən il aprelin ilk günlərində düşmənlə təmas xəttində şəhid olan vətən oğullarını yad edən natiqlər onların səyi nəticəsində Azərbaycanın gücünün dünyaya bir daha sübut olunduğunu vurğulayıblar. Rəsmi hissənin ardından kiçik yaşlı pəhləvanlar və aykidoçular nümunəvi çıxışlarla açılışa rəng qatıblar. Daha sonra mübarizələr başlayıb. Birincilikdə 150-yə yaxın karateçi mükafatçılar sırasında yer almaq üçün döyüşüb.
Müşviq Cəfərov - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi: "Bizim əsas məqsədimiz odur ki, idmançılarımız milli qəhrəmanlarımızı heç vaxt unutmasınlar. Hər zaman onların xatirəsini yad etsinlər. O cümlədən bir il bundan öncə bizim Azərbaycan ordusu, bizim Azərbaycan əsgəri bir daha sübut etdi ki, istənilən an düşmənə cavab verməyə qadirdir".
Açıq xarakter daşıdığından bir çox şəhər və rayonların idmançıları Nizami yurdunda bacarığını nümayiş etdirib. Belə ki, Gəncəylə yanaşı, birincilikdə Bakı, Sumqayıt, Şəmkir, Ağstafa, Qazax, Samux, Şəki və Goranboy karateçiləri tatami üzərinə çıxıb.
Orxan Cəfərzadə
- Baxış: 718