• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 04.04.2017 11:39

Göygöl-Toğanalı yolunda yöndəmsiz tikililər söküləcək

KepezTV Player

Göygöl Milli Parkına gedən yolun üzərində yerləşən yöndəmsiz və qanunsuz tiklilər söküləcək. Məqsəd yol boyu estetik görünüş yaratmaq və turistlərin istirahət guşələrinə rahat gediş-gəlişini təmin etməkdir. Marşrutun keçəcəyi yolun kənarında yerləşən obyektlərin sahiblərinə artıq  aidiyyəti qurumlar tərəfindən yazılı xəbərdarlıq da olunub.

Göygöl rayonunun Aşıqlı, Yeni Zod və Toğanalı kəndlərində xeyli sayda ictimai iaşə və ticarət obyektləri fəaliyyət göstərir. Bu obyektlərin əksəriyyəti günün tələblərinə cavab vermir. Bəzi obyektlər nəqliyyatın hərəkətinə maneə törədir, bir çoxları isə meşə təsərrüfatını yararsız hala salır. Bu qənaətdə olan Fövqəladə Hallar Nazirliyinin, "Azəravtoyol"un, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, eləcə də Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları yol kənarındakı obyektlərin söküntüsü ilə bağlı reydlərə başlayıb.  

Yoxlamalar zamanı bəzi obyektlərin antisanitar vəziyyətdə fəaliyyəti, işlərində nöqsanlar aşkarlanıb. Əksər iaşə obyekt sahibləri tikililərin sökülməsinə etiraz etsələr də aparılan izahat işlərindən sonra aidiyyəti qurumlarla razılığa gəlinib. Yol boyu bütün sahibkarlara yazılı bildirişlər paylanılaraq onlara vaxt verilib.

Yol kənarında fəaliyyət göstərən ictimai iaşə obyektlərinin sökülməsində məqsəd Gəncə-Toğanalı-Kələbəcər avtomobil yolunun genişləndirilməsi və Göygöl Milli Parkına gələn turistlərdə bölgə haqqında xoş təəssürat yaratmaqdır.

Natiq Hüseyn