• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 30.03.2017 15:36

Gəncənin bütün uşaq ərazi poliklinikalarında “İmmunlaşdırma həftəsi” keçiriləcək

KepezTV Player

Hər bir ana bilməlidir ki, yeni doğulan körpəsini 6 yaşa kimi 12 xəstəliyə qarşı peyvənd etdirməlidir. Təqviminə uyğun olaraq edilən peyvəndləmədən kənarda qalan uşaqlar da olur. Bunu nəzərə alaraq hər ilin aprel ayında "Respublika İmmunlaşdırma həftəsi” keçirilir. 

“İmmunlaşdırma həftəsi” Gəncənin bütün uşaq ərazi poliklinikalarında aparılacaq. Tərtib edilən siyahıya əsasən prosesdən kənarda qalan uşaqlar aprelin son 2 həftəsi ərzində peyvəndə cəlb olunacaq.

 Almaz Tomuyeva- Gəncə şəhər GEM-nin şöbə müdiri: “Gəncə şəhəri böyük şəhərdi. Yeni qəsəbələrimiz var. O qəsəbələrdə hesabata almaq çətin olur. Çünki ünvanları tapana, uşaqları qeydiyyata alana qədər vaxt gedir. Sahə pediatrı bilir ki, hansı uşaq peyvənddən kənarda qalır. Uşağın özünün zəif olması ilə əlaqədar, əks göstərişi olan uşaqlar yenidən peyvəndə cəlb olunacaq. Şəhər üzrə ümumilikdə 40-a yaxın uşaq peyvənddən kənarda qala bilər ki, onu da biz peyvəndə cəlb edirik”.

Gəncədəki 8 uşaq poliklinikasında 14 minə yaxın 6 yaşa kimi uşaq qeydiyyatdadır. Sahə həkimlərinin təyinatına uyğun olaraq uşaqlara peyvəndlər vurulur. 

Xəyalə Abbasova- şəhər sakini: “Uşaq 7 aylıqdı, yaşına uyğun olaraq hər bir peyvəndini etdirmişik. Sağ olsunlar həkimlər vaxtlı- vaxtında xəbər edirlər, biz də gətirib peyvəndi vurdururuq”.

Zemfira Əliyev -şəhər sakini: “Mən bu gün nəvəmin peyvəndini elətdirməyə gətirmişəm. Sahə həkimləri hər dəfə maraqlanırlar, gəlib evdə belə uşaqları yoxlayırlar”.

Yeni doğulan uşaqların valideynlərinə ərazi poliklinikalarının sahə həkimləri tərəfindən uşaq peyvəndi pasportu da verilir. Bu pasportda uşağın 6 yaşa kimi 12 xəstəliyə qarşı peyvəndin vurulma tarixi ardıcıllıqla yazılıb. Peyvəndləmənin vaxtında aparılmasının nəticəsidir ki, Gəncədə uşaqlar arasında təhlükə yaradan yoluxucu xəstəliklərə rast gəlinmir.

Elnur Vahidoğlu