• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 30.03.2017 15:01

Ramil Qasımov İslam Həmrəylik Oyunlarındakı heyətdə

KepezTV Player

İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil edəcək cüdo idman növü üzrə paralimpiyaçıların adları bəlli olub. Siyahıda gəncəli tatami ustası Ramil Qasımov da var. Qasımov ölkənin tanınmış paralimpiyaçılarından biridir. O, dünya və Avropa çempionatlarında özünü yaxşı tərəfdən göstərərək Azərbaycana qızıl medallar qazandırıb. Ramil karyerasının ən uğurlu nəticəsinə isə Rio Olimpiadasında imza ataraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Məhz bu nailiyyətlərlə məşqçilərin etimadını doğrultması onun Bakıda təşkil ediləcək İslam Həmrəylik Oyunlarında 12 nəfərlik heyətdə yer almasında böyük rol oynayıb. Yığma komandanın tərkibində Gürcüstanda təlim-məşq toplanışında olan paralimpiyaçı ARB “Kəpəz”ə telefon açıqlamasında İslamiadada iştirakına münasibət bildirib.

Ramil Qasımov – paralimpiyaçı: "Sevindici haldır ki, məşqçilər məni İslam Oyunlarına layiq görüblər. Və mən də 2016-cı ildə paralimpiadada qazandığım uğurumu İslamiadada təkrarlamaq istəyirəm. Arzumuz odur ki, qızıl medal qazanaq, bayrağımızı yüksəldək, himnimizi səsləndirək və xalqımızı sevindirək".

Paralimpiyaçılarımız qonşu ölkənin Qori şəhərində hazırlıq keçir. Martın 28-dən başlayan və aprelin 11-dək davam edəcək toplanış İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır.

Ramil Qasımov – paralimpiyaçı: "Bizim Gürcüstanın Qori şəhərinə gəlməkdə məqsədimiz İslam Oyunlarına hazırlıqdı. İbrahim müəllimin rəhbərliyi altında həmin yarışlara hazırlaşırıq. İslam Oyunlarında layiqincə iştirak edib, qalib olmalıyıq. Rəqiblərimizi də analiz etmişik. Yarışa qədər əziyyət çəkib bunun bəhrəsini görmək istəyirik".

İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Cüdoçular isə ayın 13,14 və 15-i tarixlərində tatami üzərinə çıxacaqlar.

 

Orxan Cəfərzadə