Güləş üzrə yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq xarakterli təlim-məşq toplanışlarını davam etdirirlər. Bu məqsədlə sərbəst güləş üzrə yığma komandamızın üzvləri martın 18-dən Rusiyanın Kislovodsk şəhərində hazırlıq keçir. Millinin baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında yığma komandanın 25 üzvü qonşu ölkədəki toplanışda iştirak edir. Əsas komandanın demək olar ki, bütün aparıcı simaları hazırlığa qatılıb. Güləşçilər əsasən fiziki göstəricilər üzərində çalışırlar. Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Ardınca pəhləvanlarımız Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 285