• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 15.03.2017 16:50

Gəncəli basketbolçu “Ulduzların oyunu”nda iştirak etdi

KepezTV Player

Azərbaycan basketbolunun ən parlaq nümayəndələrindən sayılan Amil Həmzəyev çıxış etdiyi Ukrayna çempionatında “Ulduzların oyunu”nda forma geyinib. Gəncə basketbol məktəbinin yetirməsi məşqçilərin seçiminə əsasən bu matçda oynamağa layiq görülüb.

“Kremen” klubunun üzvü kimi Şimal-Şərq yığmasının heyətində yer alan Həmzəyev Ukrayna Basketbol Federasiyası əvvəlcədən müəyyənləşdirdiyi namizədlər arasında olub.  Azarkeşlərin səsverməsində Amil xeyli səs toplasa da, federasiya nəticələri ləğv edib. Son nəticədə seçim imkanı basketbolçular və məşqçilərin ixtiyarına verilib.

Amil Həmzəyev- basketbolçu: “Mən gözləyirdim ki, oyun legionerlərlə yerlilər arasında olacaq. Amma Ukraynada əcnəbi az olduğundan matç Şimal-Şərq ilə Cənub-Qərb yığmaları arasında keçirildi. Elə mən də əlimdən gələni etdim ki, bu oyunda iştirak edim, çünki həmişə arzuladığım bir şeydir. Harda oynayırsan-oyna istəyərsən ki, həmin liqanın “All Star”ında iştirak edəsən. Sevindirici haldır”.  

“Ulduzların oyunu” formatında görüşlər demək olar ki, əksər basketbol çempionatlarında təşkil olunur. Əyləncə məqsədli belə matçlar əsasən bu idman növünün təbliğinə xidmət edir.

Amil Həmzəyev- basketbolçu: “Demək olar ki, 3 period tam şou xarakterli keçdi, müdafiədə oynamırsan, tamaşaçılara xoş olsun deyə hərəkətlər edirsən. Sonuncu periodda oyuna üstünlük verilir. Burda əsas olan iştirak etməkdir”.

Millimizin üzvü oyun zamanı təxminən 10 dəqiqə meydanda olub. Bu müddət ərzində o, 8 xal toplayıb 2 ribaund edib.

Amil Həmzəyev- basketbolçu: “Ulduzların oyun”unda oynamaq üçün liqada ən yaxşıların arasından seçilirsən. Fərdi göstərici kimi yaxşıdır, digər tərəfdən arzuların həyata keçir. Atmosfer əladır, hər bir idmançı bunu yaşamaq istəyər”.

Amil Həmzəyev “Ulduzların oyunu”nda çıxış edən 3-cü azərbaycanlı basketbolçu olub. Həmzəyevdən öncə Zaur Paşayev Gürcüstanda, Orxan Hacıyeva isə Türkiyədə “All Star”da oynayıb.

Azad Rəfi