• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 14.03.2017 10:30

“Qızıl standartı”, yoxsa “üzən məzənnə”?

KepezTV Player

117 il bundan əvvəl, 1900-cü il martın 14-ndə  ABŞ  “qızıl standartına” keçib. Bu o deməkdir ki, maliyyə sistemində dövriyyədə olan pulun əsas ekvivalenti kimi qızıl qəbul edilir. Bu standarta əsaslanan iqtisadiyyatda dövriyyədəki hər bir pul vahidinin istənilən vaxt  müəyyən miqdarda qızıla dəyişdirilə biləcəyinə təminat verilir. Dövlətlər arasında hesablaşmalarda isə valyutaların qızılın qiymətinə nəzərən fiksə edilmiş məzənnəsi tətbiq edilir. 1933-cü ildə bu standart ləğv edilir və dolların bazar tərəfindən tənzimlənən sərbəst “üzən məzənnə”də olacağı elan edilir. İndi isə dünyanın bir çox tanınmış iqtisadçıları yenidən bu standarta keçməyin zəruri olduğunu bildirirlər.

1200 dollar. İndi dünya bazarında qızılın bir unsiyasının qiyməti təxminən belədir. Onun qiymətinə ABŞ dollarının digər əsas valyutalara nisbətən məzənnəsinin dəyişməsi də təsir edir. Amma vaxtilə tərsinə idi. Qızılın qiymətinin dəyişməsi valyutaları dəyərdən sala bilər  və ya əksinə, gücləndirə bilərdi. Əslində indi də bu sarı metal rahat şəkildə istənilən valyutaya konversiya olunur. Amma indi investorlar yalnız “kağız” alətlərə inam azaldıqda, qızıla üstünlük verirlər.

Qızıl və dollar

Qızıl və ABŞ milli valyutası arasında çoxdan maraqlı qarşılıqlı münasibətlər yaranıb. Uzun müddətli planda dolların ucuzlaşması həmişə qızılın qiymətinin bahalaşması demək idi. Lakin, qiymətli metalın və dolların qarşılıqlı əlaqəsinin mövcud olmasına baxmayaraq, qızıl digər faktorların da təsiri altındadır. Bu inflyasiya, yaxud müharibə də ola bilər. Qızıl bir qrup insanın, yaxud hansısa sahənin yox, ümumilikdə dünya iqtisadiyyatının indikatorudur.

Standart problemlər

Qızıl standartın tətbiqinin əsas problemi onun “oyun qaydalarını təyin edən” dünya mərkəzi banklarına söykənməsi idi. Mərkəzi bank valyutaların dəyərini bütün tərəflər üçün münasib olan səviyyədə saxlamaq məqsədi ilə qızılın həcmini tənzimləyirdi. Bəzi dövlətlər, məsələn Belçika və Fransa bu qaydalara tabe olmurdular. Amma  sistemin işləməsi üçün bütün tərəflərin razılığı lazımdır. Qızıl standartla əlaqədar daha bir problem bu idi ki, o uzun müddətli perspektivdə sabitliyi təmin etsə də, qısa müddətli iqtisadi şoklar zamanı  qeyri- effektiv olurdu. İndi bəzi iqtisadçılar yenidən qızıl standartlarına qayıtmağın effektiv olacağını deyirlər. Amma əksər iqtisadi ekspertlər, araşdırma mərkəzləri əmindir ki, buna heç bir lüzum yoxdur. 

Qızıl standartı 1933-cü ildə ləğv edilsə də onun valyutalara bağlılığı 1971-ci ilə kimi davam etdi. Məhz bu tarixə kimi qızıl-valyuta standartı deyilən bir sistem mövcud idi. Amma ABŞ-ın  Bretton Bud razılaşmalarından imtina etməsi ilə bu standartın da mövcudluğuna xitam verildi. Azərbaycan da öz iqtisadi siyasətində qızıl ehtiyatlarının artırılmasına xüsusi önəm verirdi. Amma sonra qızılın qiymətindəki dəyişikliklər onun bir o qədər də etibarlı aktiv olmadığını üzə çıxardı. 2011-ci ildə unsiyası təxminən 1900 dollar olan qızıl ötən 5 il ərzində 37 faiz ucuzlaşıb və bəzi analitiklər bildirir ki, bu hələ son deyil.

Jalə Qurbanova